10
Oktyabr

10 Oktyabr

Orduya dəstək

Azərbaycan Universal Döyüş Federasiyası ordumuza dəstək göstərib

Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov və vitse-prezident Samir Əhmədov qurumun idarə heyəti adından cəbhə bölgəsində ordumuza dəstək məqsədilə bir sıra ərzaq, dərman ləvazimatları, geyim və s. kömək göstərərək hər zaman Azərbaycan əsgərinin yanında olacaqlarını bildiriblər.

Bu barədə Federasiyadan məlumat verilib. Bildirilib ki, eyni zamanda şəhid ailələrinin də qonağı olmuş Federasiya rəsmiləri onlara kömək etməyə söz veriblər.

“Qarabağ Azərbaycandır!” şüarı altında hərəkata qoşulmaqla Azərbaycan Universal Döyüş Federasiyasının 20-dən çox idmançısı cəbhə xəttində döyüşür. Federasiyanın digər üzvləri də Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olduğunu bildirirlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.