10
Oktyabr

10 Oktyabr

Orduya dəstək

Gürcüstanda Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Oktyabrın 10-da Gürcüstanın Marneuli şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Yüzlərlə insanın iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin xatirəsi ehtiramla anılıb.

Əllərində Azərbaycanın, Gürcüstanın və Türkiyənin bayraqlarını, eləcə də “Qarabağ Azərbaycandır!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Yaşasın Azərbaycan-Gürcüstan dostluğu!” yazılan şüarlar əks olunan plakatları tutan nümayişçilər Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarını yüksək qiymətləndirib, Azərbaycan dövlətinin, onun Prezidentinin ətrafında sıx birləşdiklərini bəyan ediblər.

Çıxışlarda Azərbaycan Prezidentinin xalqa müraciəti zamanı səsləndirdiyi fikirlərin Gürcüstanda yaşayan soydaşlarımızda ruh yüksəkliyi yaratdığını bildiriblər.

Qeyd olunub ki, Gürcüstanda yaşayan soydaşlarımız hər zaman Azərbaycan uğrunda döyüşməyə hazırdırlar.

Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, siyasətçilər, elm adamları çıxışlarında Azərbaycan Ordusunun haqq uğrunda mübarizə apardığını, öz torpaqlarını işğaldan azad etdiyini, eyni zamanda, Qarabağda yaşanan gərginliyə və müharibəyə görə təcavüzkar Ermənistan rəhbərliyinin məsuliyyət daşıdığını xüsusi qeyd ediblər. Vurğulanıb ki, xarici havadarlarının köməyi və dəstəyi ilə Azərbaycan və Gürcüstan torpaqlarını işğal edən Ermənistanın sonu çatıb.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qələbəsi Gürcüstan torpaqlarının azad olunması üçün imkan yaradacaq.

Aksiyada “Qarabağ bizimdir, bizim olacaq!”, “Yaşasın Azərbaycan!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndiriblər.

Qeyd edək ki, aksiyada Marneuli ilə yanaşı, paytaxt Tbilisi, Rustavi şəhərindən, Qardabani, Bolnisi, Dmanisi, Saqareco, Kaspi və digər rayonlardan soydaşlarımız iştirak ediblər.

Gürcüstanın başqa şəhər və rayonlarından gələn soydaşlarımız avtomobil karvanı ilə Azərbaycan, Türkiyə və Gürcüstan bayraqlarını dalğalandırıblar.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.