09
Oktyabr

9 Oktyabr

Orduya dəstək

Qardabanidə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib

Gürcüstanın Kvemo Kartli–Borçalı bölgəsinin Qardabani rayonunun mərkəzində yerli azərbaycanlılar “Qarabağ Azərbaycandır!” adlı dəstək aksiyası keçiriblər.

Əllərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqlarını tutan aksiya iştirakçıları “Yaşa, yaşa Azərbaycan!”, “Azərbaycan!”, “Ya Qarabağ, ya ölüm!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndiriblər.

Qardabani şəhərinin mərkəzində davam edən aksiyada Gürcüstanın Azərbaycanlı Ağsaqqalları Şurası sədrinin müavini Mayak Nemətov, Qardabani rayon 3 saylı məktəbin müəllimi Firdövsi İsgəndərov, Eldar Qarayazılı və başqaları çıxış edərək erməni işğalçılarının torpaqlarımızda törətdikləri vəhşiliklərdən danışıb, Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarını və qazandığı uğurları yüksək qiymətləndiriblər.

Gürcüstanda yaşayan soydaşlarımız tarixi vətənləri Azərbaycanın, onun Prezidentinin və şanlı Ordusunun yanında olduğunu dəstəklədiklərini bildiriblər.

Aksiya çərçivəsində avtomobil karvanı ilə yürüş də təşkil olunub.

Üzərində Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları dalğalanan avtomobillər şəhərin küçələrindən keçərək Azərbaycan Ordusuna dəstək nümayiş etdiriblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.