07
Oktyabr

7 Oktyabr

Orduya dəstək

Türkiyədə yaşayan azərbaycanlı iş adamları Ordumuza dəstək olurlar

Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun növbəti təxribatçı hücumundan sonra Azərbaycan Ordusunun qətiyyətli hücuma keçərək düşmənə layiqli cavab verməsi, 30 ildir işğal altında olan torpaqlarımızı azad etməsi hər bir azərbaycanlı kimi, qardaş Türkiyə vətəndaşları tərəfindən də böyük sevinc hissi ilə qarşılanır.

Bu gün bütün dünya bir daha gördü ki, Azərbaycanla Türkiyə, ulu öndər Heydər Əliyevin dediyi kimi “bir millət, iki dövlət”dir. Türkiyə dövləti və türk qardaşlarımız Azərbaycanın yanındadır, ölkəmizin haqq səsini dünyaya bəyan etmək üçün əllərindən gələni edir. Sevindirici haldır ki, qardaş ölkənin ictimai təşkilatları, iş adamları və sıravi vətəndaşlar da Azərbaycana dəstəyini ifadə etmək üçün yardım edirlər.

Bu barədə iş adamı Muhsin Şaşmaz bildirib ki, bu günlərdə Türkiyədə yaşayan Azərbaycan mənşəli iş adamları da Azərbaycan əsgərinə maddi və mənəvi dəstəyini ifadə etmək üçün yardım kampaniyasına başlayıb. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək məqsədilə qısa müddətdə 55 min dollar toplanılıb. Yardım kampaniyası davam edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.