28
Sentyabr

28 Sentyabr

Könüllülük

Azərbaycanın Rusiyadakı Səfirliyi: Ordu sıralarına qatılmaq üçün soydaşlarımız tərəfindən çoxsaylı müraciətlər daxil olur

Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşma ilə bağlı səfirliyə Rusiyada yaşayan soydaşlarımızdan çoxsaylı müraciətlər daxil olmaqdadır.

Azərbaycanın Rusiyadakı Səfirliyi bu ölkədəki diaspor təşkilatlarına müraciət edib. Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, Səfirlik diaspor təşkilatlarını mövcud vəziyyətə anlayışla yanaşmağa və Rusiya Federasiyasının qəbul olunmuş norma və qanunları çərçivəsində hərəkət etməyə çağırıb.

Bundan başqa, məlumatda qeyd olunur ki, Rusiyada yaşayan azərbaycanlılar tərəfindən səfirliyə müraciətlər daxil olur.

“Qeyd edək ki, təkcə bir gün ərzində Səfirliyə Rusiyada yaşayan soydaşlarımızdan Vətənin müdafiəsində iştirak etmək arzusunu bildirən 50-dən çox şəxsdən müraciət daxil olub. Bu cür vətənpərvərliyə, həmrəyliyə görə dərin təşəkkürümüzü bildiririk. Bununla yanaşı, bildiririk ki, Azərbaycan ordusu işğal altındakı ərazilərimizi azad etməkdən ötrü bütün tapşırıqları sərbəst yerinə yetirməyə qadirdir”, - deyə Səfirliyin məlumatında vurğulanıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.