01
Oktyabr

1 Oktyabr

Orduya dəstək

Ali Məhkəmənin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna pul köçürüblər

Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti planlaşdırılmış təxribatına cavab olaraq qüdrətli ordumuz bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirir və düşmənə sarsıdıcı zərbələr endirir.

Bu gün müstəqil Azərbaycan dövləti güclü orduya sahibdir və Azərbaycan Ordusu dünyanın ən güclü orduları ilə bir sırada öz layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ordunun maddi-texniki təchizatı möhkəmləndirilmiş, müasir silah və texnikalarla təminatı yüksəldilmişdir.

Hərbi vəzifəlilərin, onları yola salan valideyn və yaxınlarının ruh yüksəkliyi, vətəndaşlarımızın kütləvi könüllü olaraq orduya yazılması bir daha onu göstərir ki, xalqımız işğal altındakı ərazilərimizi düşməndən azad etmək üçün ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlardan qürur duyur və qətiyyətli dəstək verir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əməkhaqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

Cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəhbəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanan Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürüb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.