29
Sentyabr

29 Sentyabr

Orduya dəstək

Ədliyyə işçiləri və hakimlər Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb

İşğalçı Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən bütün cəbhəboyu uğurlu əks-hücum əməliyyatları həyata keçirilir. Ordumuza daim xüsusi diqqət yetirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən onun ən yüksək səviyyədə təchizatı təmin edilir. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır, Cənubi Qafqazda isə birincidir. Bunun kökündə qəhrəman ordumuzun yüksək döyüş qabiliyyəti, müasir silah-sursat və texnika ilə təchizatı dayanır.

Torpaqlarımızın işğaldan azad olunmasında ordumuzun uğurlu hərbi əməliyyatları xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla, vətənpərvərlik hissini daha da artırıb. Vətəndaşlarımız kütləvi könüllü yazılır, cəbhə üçün, qələbə üçün hər şey etməyə hazır olduqlarını bildirirlər.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ədliyyə işçiləri və hakimlər vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütəmadi olaraq əməkhaqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.

Cəbhədə qələbələrimizdən ruhlanan ədliyyə işçiləri və hakimlər hazırda da əməkhaqları fondundan 1 milyon 600 min manatın Silahlı Qüvvələrə Yardım Fonduna köçürülməsi qərarına gəliblər.

Ordumuz ən yüksək səviyyədə təchiz edilir, gündəlik dövlət qayğısı ilə əhatə olunur və əlavə heç bir yardıma ehtiyac yoxdur. Bu addım isə ordu ilə həmrəylik nümayişi kimi mənəvi borc hesab olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli mövqeyindən qürur və iftixar hissi duyan ədliyyə və məhkəmə işçiləri bu şərəfli yolda dövlətimizin başçısının ətrafında sıx birləşdiklərini ifadə edirlər.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.