Xarici media
Azərbaycan Ordusu Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş şəhərlərini azad edir.
Bu barədə Yaponiyanın nüfuzlu “Asahi shimbun” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 8-də xalqa müraciətində Dağlıq Qarabağın böyüklüyünə görə ikinci şəhəri olan Şuşanı geri qaytardıqlarını bəyan edib.
Məqalədə Şuşanın coğrafi mövqeyi barədə məlumat da əksini tapıb. Bildirilib ki, bu şəhər Dağlıq Qarabağın mərkəzi sayılan Xankəndidən təqribən 15 kilometr cənubda yerləşir.
Yazıda Şuşanın Dağlıq Qarabağın paytaxtı Xankəndi şəhərini Ermənistanla birləşdirən yolun üstündə yerləşdiyi və onun azad edilməsindən sonra separatçı rejimin Yerevanla əlaqə saxlamaqda böyük çətinliklərlə qarşılaşacağı qeyd edilir.
Qəzetin yaydığı məlumatda Şuşanın azad edilməsi Azərbaycan Ordusunun altı həftədir davam edən əməliyyatları arasında ən uğurlusu hesab edilir.
Yazıda dövlətimizin başçısının müraciətindən sonra paytaxt Bakıda yaşanan sevinc və fərəhin yaratdığı böyük coşqudan da bəhs olunur.
Şuşanın tarixi haqqında verilmiş məlumatda qeyd edilir ki, ötən əsrin 90-cı illərində başlanan münaqişəyə qədər bu şəhərin sakinlərinin əksəriyyətini azərbaycanlılar təşkil edib.
Məqalədə sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarından sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başladığı və ötən 6 həftə ərzində işğal altında olan ərazilərin böyük qismini azad etdiyi bildirilir.