Xarici media
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycanın Tərtər və Ağdam rayonlarının noyabrın 5-də Ermənistan ordusu tərəfindən artilleriya atəşinə tutulması barədə məqalə yayıb.
Məqalədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə istinadla deyilir: “Noyabrın 5-də saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələri Tərtər şəhərini, Tərtər rayonunun Səhləbad kəndini, həmçinin Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülür”.
Məlumatda, həmçinin Anadolu agentliyinə istinadla bildirilir ki, noyabrın 5-də Azərbaycan Ermənistan hərbçilərinin atdığı “Smerç” raketini zərərsizləşdirib. Nəticədə Tərtər şəhərinə düşən raket partlamayıb.
Agentlik Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadla cəbhənin Tərtər istiqamətində aparılan uğurlu əməliyyat barədə də məlumat verib. Həmin məlumatda isə qeyd edilib ki, düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğuna istinadla Ermənistanın hücumu nəticəsində bu günədək 92 dinc sakinin, o cümlədən 11 uşağın və körpənin həyatını itirdiyi, 36-sı uşaq olmaqla 400-dən çox insanın yaralandığı bildirilib.
Bununla yanaşı, 2971 evin və 100 çoxmənzilli binanın dağıdıldığı, 502 mülki obyektə zərər dəydiyi qeyd edilib.