Xarici media
Türkiyə kütləvi informasiya vasitələri (KİV) Ermənistanın işğalçılıq siyasəti və ölkəmizə qarşı davam etdirdiyi hərbi təxribatlarına dair məlumatları gündəmdə saxlamaqdadır.
Ölkənin "Anadolu Ajansı", "Aydınlık", "Sabah", "HABER", "TRT HABER", "Yeni Avaz" və s. xəbər saytlarında Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində, eləcə də münaqişə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın yaşayış məntəqələrini atəş altında saxlamasına dair xəbərlər, düşmən ordusunun qadağan olunmuş silahlardan istifadə etməklə ağır müharibə cinayətləri törətməsi, müzəffər Azərbaycan Ordusunun göstərdiyi şücaətə dair ən yeni xəbərlər davamlı şəkildə dünya və Türkiyə ictimaiyyətinə çatdırılır.
Düşmənin qadağan olunmuş silahlardan istifadə etməsi, muzdlu əsgərlərin və terrorçuların münaqişə bölgəsində Azərbaycana qarşı döyüşməsinə dair faktlara istinad edən Türkiyə mediası bildirir ki, bütün bunlar Ermənistan dövlətinin terrorçu mahiyyətinin təzahürüdür. Köşə yazarları və ekspertlər Azərbaycan ilə Ermənistan arasındakı fərqi müqayisəli şəkildə təhlil edərək əsaslandırırlar ki, təcavüzkar dövlət heç bir halda Azərbaycana qarşı işğalçılıq siyasətini təkbaşına həyata keçirə bilməzdi. İşğalçı dövlət hazırkı döyüşlərdə də Azərbaycanın qarşısında davam gətirmək iqtidarında deyil.