Xarici media
Özbəkistanın “orol24.uz” və “azon.uz” xəbər portalları Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı haqq işindən yazır.
“orol24.uz” saytı ABŞ-ın Azərbaycanda - müharibə zonasında olan “VICE News” kanalının jurnalisti Hind Hassanın “Instagram” səhifəsindəki paylaşımına yer ayırıb. Jurnalist yazır: “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələri Azərbaycandan işıqlandırarkən məni ən çox təəccübləndirən insanların qətlə yetirilməsinə və dağıntılara baxmayaraq, əhali arasında müharibəyə davamlı dəstəyin olması idi”.
Müxbir insanların hətta şəhid olmuş övladlarını dəfn etdikləri zaman belə hərbi əməliyyatların dayandırılmasını istəmədiklərinin şahidi olduğunu yazır. O qeyd edir ki, insanlar 27 ildir aparılan diplomatik danışıqların nəticəsiz qaldığını, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdan və onu əhatə edən rayonlardan didərgin düşmüş 1 milyondan çox azərbaycanlının öz ata-baba yurdlarına geri qayıtmalı olduqlarını bildirirlər.
“azon.uz” portalı isə bildirir ki, İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyi Məhəmməd Peyğəmbərin mövludu günü münasibətilə dövlət televiziyası vasitəsilə dünya müsəlmanlarına müraciətində bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları qaytarılmalı, regionda sülh və təhlükəsizlik təmin olunmalıdır.