05
Noyabr

5 Noyabr

Xarici media

Səudiyyə Ərəbistanı Krallığının ingilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzeti Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin Ermənistanın hərbi təcavüzünün nəticələri barədə məqaləsini dərc edib.

“Erməni təcavüzünə qarşı tədbirlər görülməlidir” sərlövhəli məqalədə Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı hücumlarının beynəlxalq ictimaiyyət tərəfindən pisləndiyi və bu qınaqların davam etməsinin zəruriliyi vurğulanır. Diqqətə çatdırılır ki, sentyabrın 27-də Ermənistanın işğal etdiyi ərazilərdəki təmas xəttində növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusu cavab tədbirləri görməyə məcbur olub. Həmçinin Ermənistan tərəfi oktyabrın 10-da Moskvada imzalanmış humanitar atəşkəs razılaşmasından cəmi 15 dəqiqə sonra şəhər və kəndlərə raket hücumlarını davam etdirib. Belə ki, oktyabrın 11-də Gəncə şəhərinin raket hücumuna məruz qalması nəticəsində 10 mülki şəxs həlak olub, 30 nəfər yaralanıb. Oktyabrın 15-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunda dəfn mərasimində iştirak edən dinc sakinləri atəşə tutub və 4 nəfəri qətlə yetirib. Oktyabrın 17-də Gəncəyə daha bir raket hücumu isə 13 mülki şəxsin həlak olması və 40 nəfərin yaralanması ilə nəticələnib. Ümumilikdə, Ermənistan silahlı qüvvələri Azərbaycanın şəhər və kəndlərində 91 mülki şəxsi qətlə yetirib, 371 nəfəri yaralayıb, 2800-dən çox mülki obyekti dağıdıb.

Məqalədə qeyd olunub ki, oktyabrın 18-də BMT-nin baş katibi Antonio Quterreş Gəncəyə hücumlar nəticəsində mülki şəxslərin, o cümlədən uşaqların həlak olmasını pisləyib və bu cür əməllərin yolverilməz olduğunu vurğulayıb. Avropa İttifaqı da Ermənistanın bu vəhşiliyi ilə əlaqədar bəyanat yayıb. Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri oktyabrın 27-də Bərdə şəhərinə qadağan olunmuş kasetli bombalarla hücum edərək aralarında uşaq da olmaqla 4 mülki şəxsi qətlə yetirib, daha 14 nəfəri yaralayıb. Bir gün sonra isə erməni tərəfi Bərdədə 22 dinc sakini qətlə yetirib, 70 nəfəri isə yaralayıb.

Müəllif qeyd edib ki, humanitar atəşkəsə əməl etməyən və regionda gərginliyi artıran Ermənistan üçüncü tərəfləri də münaqişəyə cəlb etmək məqsədi güdür. Məqalənin sonunda vurğulanır: “Beynəlxalq ictimaiyyət mülki şəxsləri məqsədyönlü şəkildə qətlə yetirən Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməsi istiqamətində zəruri tədbirlər görməli və onun Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə çıxmasını tələb etməlidir”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.