Xarici media
Moldovanın “Tribuna”, NOİ.MD, AVA.MD, İPN.MD və “Timbul” informasiya portalları Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun Ermənistanın işğal etdiyi ərazilərimizdə mədəni-dini abidələrin dağıdılmasına dair rumın və rus dillərində məqaləsini yayıblar.
“Azərbaycanın Qarabağdakı məscidlərində 30 ildir donuzlar saxlanılır” sərlövhəli məqalədə səfir işğal altındakı ərazilərimizdə olan 67 məsciddən 63-nün tam dağıdıldığını, 4-nün isə qismən məhv edildiyini vurğulayıb.
Q.Osmanov qeyd edib ki, yalnız beynəlxalq təşkilatların təzyiqi nəticəsində Ağdamdakı Cümə məscidinin, Aşağı və Yuxarı Gövhərağa məscidlərinin, Şuşadakı Saatlı məscidinin divarları qorunub saxlanılıb. Buna baxmayaraq, bu gün ermənilərin ədəbsizliyinin və azərbaycanlılara nifrətinin təcəssümü olaraq onların içərisində donuz və mal-qara saxlanılır.
“Eyni zamanda, işğal olunmuş ərazilərdəki çay, göl, kənd və şəhər adları erməniləşdirilib. Erməni vandalizminin əli ilə Şuşada və digər rayonlarda Pənahəli xan tərəfindən tikdirilmiş qala və istehkamlar dağıdılıb, Natəvanın evi qəzalı vəziyyətə düşüb. İşğalçılar abidələri erməni memarlığının nümunələri kimi təqdim etmək məqsədilə xarici görünüşünü dəyişdirib, qədim dini tikililəri dağıdıb. Onlar Ağdərə, Laçın və Kəlbəcər rayonlarında alban tikililərinə qarşı da eyni vəhşilikləri ediblər. Erməni vandalları tərəfindən Azərbaycanın müasir milli heykəltəraşlığının bəhrələndiyi Laçın və Kəlbəcər rayonlarında bir çox qədim heykəllər, daş qoç fiqurlar və atlar məhv edilib”, - deyə Q.Osmanov məqaləsində yazıb.
Səfir qeyd edib ki, Ermənistan tərəfindən mədəni-dini abidələrimizin məhv edilməsi “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il Avropa Konvensiyası və “Ümumdünya mədəni və təbii irsinin qorunması haqqında” 1972-ci il UNESCO Konvensiyasının tələblərinə birbaşa ziddir.
“Ermənistanın Azərbaycan xalqının mədəni irsini məhv etməyə və saxtalaşdırmağa yönəlmiş fəaliyyəti bütün bəşəri mədəniyyətə təcavüzdür. Nəhayət erməni vandalları bu hərəkətlərinə görə cavab verməli, cəzalandırılmalı və dünya ictimaiyyəti bu faktı diqqətdən kənarda qoymamalıdır”, - deyə səfir əlavə edib.