03
Oktyabr

3 Oktyabr

Müdafiə Nazirliyi

Azərbaycanın bir sıra əraziləri işğaldan azad olunub

Bu gün bütün cəbhə boyu şiddətli döyüşlər davam edib. Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.

Gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub.

Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.

Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.