30
Oktyabr

30 Oktyabr

Xarici media

İspaniyanın böyük oxuyucu kütləsinə malik “Diplomat in Spain”“Style International” internet portallarında Ermənistanın Bərdəyə raket hücumları barədə məqalələr dərc olunub.

Məqalələrdə Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc insanlara qarşı törədilmiş müharibə cinayəti ilə əlaqədar oktyabrın 29-da Azərbaycanın İspaniyadakı səfirliyinin inzibati binasının qarşısında xatirə guşəsi yaradıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, guşədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə mülki şəxslərin məqsədli şəkildə hədəfə alınması nəticəsində həlak olanların fotoları, ermənilərin törətdikləri növbəti müharibə cinayətlərinin fəsadlarına dair müxtəlif materiallar, infoqram və məlumatlar nümayiş etdirilib.

Qeyd olunub ki, İspaniyada yaşayan azərbaycanlıların, eləcə də yerli ictimaiyyətin nümayəndələri səfirliyin binası qarşısına gələrək guşənin önünə gül dəstələri və şamlar düzüb, Ermənistanın hərbi təcavüzü nəticəsində həyatını itirmiş mülki şəxslərin xatirəsinə dərin ehtiramlarını ifadə edərək, bu təcavüz aktından təsirləndiklərini, böyük kədər hissi keçirdiklərini bildiriblər. Bu cür cinayətlər insanlıq əleyhinə nifrət hissinin təzahürü kimi qiymətləndirilib.

Məqalələrdə oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutması nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxsin həlak olduğu, 70-dən çox insanın ağır yaralandığı diqqətə çatdırılır.

Xüsusi olaraq vurğulanır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərində dinc əhalinin məqsədyönlü şəkildə qətlə yetirilməsi qətliam və müharibə cinayətidir. Bu, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Bu cinayətə görə ölkənin baş naziri və müdafiə naziri də daxil olmaqla, Ermənistan rəhbərliyi tam şəkildə məsuliyyət daşıyır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.