30
Oktyabr

30 Oktyabr

Xarici media

Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi Ermənistan-Azərbaycan cəbhəsində döyüşlərin davam etdiyi barədə məqalə yayıb.

Agentliyin Müdafiə Nazirliyinə istinadla yaydığı məlumatda ötən gün və gecə saatlarında Ermənistan ordusunun Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini, yaşayış məntəqələrini artilleriya qurğularından və raketlərdən istifadə etməklə atəşə tutduğu bildirilir.

Qeyd edilir ki, ötən gün döyüşlər əsasən Xocavənd, Fizuli və Qubadlı istiqamətində davam edib və Ermənistan silahlı qüvvələrinin əks-hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində Ermənistan ordusunun xeyli itki verdiyi də diqqətə çatdırılır.

Məqalədə son döyüşlər zamanı düşmənin 2 ədəd T-72 tankının, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sisteminin, 14 ədəd müxtəlif artilleriya qurğusunun, 6 ədəd avtomobil texnikasının və bir neçə dayaq məntəqəsinin dəqiq atəşlə məhv edildiyi əksini tapıb. Qeyd edilib ki, Ermənistan ordusu Bərdə, Goranboy və Tərtər rayonlarında yaşayış məntəqələrini və mülki infrastrukturları raket və artilleriya atəşinə tutmaqla növbəti müharibə cinayətlərinə əl atıb.

Bununla yanaşı, Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun mərkəzi hissəsinə raket zərbələri nəticəsində 5-i qadın olmaqla 21 nəfərin həlak olduğu, 8 uşaq və 15 qadın daxil olmaqla, 70 nəfərin yaralandığı barədə məlumat yaydığı da bildirilir.

Azərbaycan Baş Prokurorluğuna istinadla, Ermənistanın istifadəsi beynəlxalq qanunlarla qadağan edilən kaset bombalı “Smerç” raketləri ilə Bərdə şəhərinin əhalinin sıx yaşadığı yerlərinə və ticarət obyektlərinə zərbələr endirdiyi də yazıda qeyd edilib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.