28
Oktyabr

28 Oktyabr

Xarici media

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində Ermənistanın oktyabrın 28-də Bərdəyə raket hücumu nəticəsində mülki şəxslərin həlak olması və yaralanması barədə məqalə yerləşdirilib.

Məqalədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla Ermənistan silahlı qüvvələrinin Bərdəyə “Smerç” qurğusundan raketlər atdığı bildirilib. Qeyd olunub ki, Dağlıq Qarabağdan kənarda yerləşən Bərdəyə hücum nəticəsində 21 nəfər ölüb, onlarca dinc sakin yaralanıb. Bu, son toqquşmaların başladığı bir aylıq dövrdə mülki insanlar arasında ən çox ölümlə nəticələnən hücumdur. Materialda ermənilərin oktyabrın 27-də Bərdəyə əvvəlki raket hücumu nəticəsində isə 1-i iki yaşlı uşaq daxil olmaqla, 4 nəfərin həlak olduğu xatırladılıb.

Yazıda Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə də məlumat verilib. Qeyd olunub ki, Ermənistanın dəstəklədiyi separatçılar 1990-cı illərdə 30 min nəfərin ölümü ilə nəticələnən müharibə zamanı Dağlıq Qarabağa nəzarəti ələ alıblar. Onların elan etdiyi “müstəqilliyi” Ermənistan da daxil olmaqla, heç bir ölkə tanımayıb. Dağlıq Qarabağ beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisidir. Sentyabrın 27-dən başlayan döyüşlərin gedişində Azərbaycan 1990-cı illərdə itirdiyi əraziləri azad edir. Ermənistan bu döyüşlərdəki itkilərini etiraf edib və könüllüləri cəbhədə döyüşməyə çağırıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.