28
Oktyabr

28 Oktyabr

Xarici media

İndoneziyanın Bakıdakı sabiq səfiri Hüsnan Bəy Fanani ölkəsinin nüfuzlu “Republika” qəzetinə müsahibəsində Azərbaycan gənclərinin vətənpərvərliyindən danışıb.

Sabiq səfir Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilmiş torpaqlarımızı azad etmək uğrunda apardığımız döyüşlərin Azərbaycan gəncləri arasında böyük ruh yüksəkliyi yaratdığını bildirib, onların düşməni işğal altındakı ərazilərimizdən çıxarmağa qadir olduqlarını vurğulayıb.

H.B.Fanani müharibənin Azərbaycan xalqında qorxu və təşviş yaratmadığını, hətta azərbaycanlıların əksəriyyətinin, xüsusilə gənclərin Vətəni qorumaq məqsədilə ön cəbhədə vuruşmaq üçün qeydiyyatdan keçdiyini vurğulayıb. Bildirilib ki, Ermənistanın Azərbaycana qarşı artan raket hücumları xalqın işğalçıları torpaqlarından çıxarmaq istəyini daha da gücləndirib və bu, onların çoxdan gözlənilən arzusudur.

Diplomat İndoneziyanın Bakıdakı səfirliyində çalışan azərbaycanlıların döyüşlərdə iştirak etmək üçün işdən çıxdıqlarını da bildirib. Azərbaycanda təhsil alan oğlundan danışan H.B.Fanani onun çox sayda tələbə yoldaşının cəbhədə vuruşmaq və Vətəni qorumaq üçün könüllü olaraq qeydiyyatdan keçdiyini dediyini bildirib.

Sonda sabiq səfir İndoneziyanın Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunmasında daha fəal rol oynayacağına inamını ifadə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.