27
Oktyabr

27 Oktyabr

Xarici media

Tacikistanın “faraj.tj” portalında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, cəbhə xəttindəki son vəziyyətlə bağlı məqalə dərc olunub.

Məqalədə 30 ildir davam edən münaqişə haqqında danışılır. Bildirilir ki, bu münaqişə nəticəsində Azərbaycan ərazilərinin 20 faizi Ermənistan tərəfdən işğal olunub, 1 milyondan çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqın və köçkün vəziyyətinə düşüb, ölkənin müxtəlif rayonlarında məskunlaşmağa məcbur olub.

Məqalədə sentyabrın 27-də Ermənistanın Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücum etdiyi, nəticədə Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatına başladığı qeyd edilib. Diqqətə çatdırılıb ki, artıq 1 aydır davam edən müharibə nəticəsində Azərbaycan Ordusu qələbələr qazanaraq Ermənistanın işğalı altında olan ərazilərinin əhəmiyyətli hissəsini azad edib. Belə ki, artıq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri və bu rayonların bir sıra kəndləri, strateji yüksəkliklər işğaldan azad olunub. Azərbaycan Ordusu üstünlüyünü genişləndirməkdə davam edir.

Yazıda, həmçinin vurğulanır ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki 403 tarixi, dini, maddi və mədəniyyət abidəsi ermənilər tərəfindən dağıdılıb və ya saxtalaşdırılıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.