24
Oktyabr

24 Oktyabr

Xarici media

Perunun aparıcı KİV-lərindən olan “La Razón”“La República” qəzetlərində Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın son hərbi təxribatları və Silahlı Qüvvələrimizin apardığı əks-hücum əməliyyatları ilə bağlı səfir Məmməd Talıbovun müsahibələri dərc olunub.

Müsahibələrdə münaqişənin tarixi barədə məlumat verən səfir Dağlıq Qarabağ və yeddi ətraf rayonla birlikdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini və bu ərazilərdə yaşayan 1 milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparıldığını bildirib. Səfir münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş dörd qətnamənin Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin geri qaytarılmasını tələb etdiyini, ancaq Ermənistan tərəfinin 27 il ərzində həmin sənədlərin tələblərinə məhəl qoymadığını bildirib.

Sentyabrın 27-dən başlayan hərbi əməliyyatlara toxunan diplomat son təxribatların Ermənistanın növbəti təcavüz aktı olduğunu, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərində qalmasının münaqişənin alovlanmasının başlıca səbəbi kimi qaldığını, əks-hücum əməliyyatlarının da Azərbaycanın beynəlxalq ictimaiyyətin bütün üzvləri, o cümlədən Peru tərəfindən tanınmış sərhədləri çərçivəsində aparıldığını vurğulayıb.

Ermənistanın mülki şəxsləri hədəfə aldığını qeyd edən səfir düşmənin əməliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərinə, o cümlədən Gəncə şəhərinə dəfələrlə ballistik raket zərbələri endirdiyini söyləyib. Qeyd edib ki, sentyabrın 27-dən indiyədək Ermənistan silahlı qüvvələrinin şəhərləri və mülki azərbaycanlı əhalini atəşə tutması nəticəsində aralarında qadınlar və uşaqlar da olmaqla 60-dan çox dinc sakin həlak olub, bəzi uşaqlar hər iki valideynini itirib, 300-dək insanın yaralandığını, 2000-dən çox mülki infrastruktur obyekti, yaşayış binası və fərdi ev dağılaraq yararsız hala düşüb. M.Talıbov diqqətə çatdırıb ki, Ermənistanın hərbi təcavüzünün qarşısını almaq, mülki vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Azərbaycan Silahlı Qüvvələri özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa, eləcə də BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq adekvat əks-hücum tədbirləri görüb.

Eyni zamanda, səfir Ermənistanın Qarabağdakı döyüşlərə Suriya, Livan, İraq kimi ölkələrdən radikal terrorçu qruplaşmaları cəlb etdiyinə dair həm erməni mətbuatında, həm də beynəlxalq qaynaqlarda xeyli sayda məlumatın yer aldığını bildirib. Diqqətə çatdırıb ki, Ermənistan rəhbərliyi dünyanın müxtəlif ölkələrinin vətəndaşları olan ermənilərin hərbi əməliyyatlarda iştirakını artıq açıq şəkildə etiraf edib.

Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışının mümkünlüyünə toxunan səfir Azərbaycan Prezidentinin dəfələrlə burada yaşayan ermənilərlə heç bir problemimiz olmadığını və onları öz vətəndaşlarımız hesab etdiyimizi bildirdiyini, ümumiyyətlə Azərbaycanın bütün dünyada müxtəlif millətlərdən və inanclardan olan insanların sülh şəraitində birgə yaşadığı yer olduğunu, bu səbəbdən də Roma Papası Fransisk tərəfindən bütün dünya üçün tolerantlıq modeli adlandırıldığını vurğulayıb.

Regionda sülhün formulunun Azərbaycan ərazilərinin azad edilməsi olduğunu deyən səfir Prezident İlham Əliyev hərbi əməliyyatlar başlayan gündən dəfələrlə dediyi kimi, Azərbaycanın dialoq tərəfdarı olduğunu, Ermənistanın qoşunlarını ərazilərimizdən bəlli vaxt çərçivəsində mərhələli şəkildə çıxaracağını elan edəcəyi halda döyüşləri dayandırmağa və danışıqlara başlamağa hazır olduğunu, ancaq Ermənistan baş naziri Nikol Paşinyanın “münaqişənin diplomatik həlli yoxdur” kimi bəyanatlar verməsi və dünya ermənilərini döyüşə səsləməsinin vəziyyəti daha da gərginləşdirməkdən başqa bir işə yaramadığını qeyd edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.