08
Oktyabr

8 Oktyabr

Yerli media

Düşmənin artilleriya atəşinə tutduğu Goranboyun Şahməmmədli kəndindən (Azərtac)

Azərbaycan Ordusu qarşısında tab gətirə bilməyərək qaçan Ermənistan hərbçiləri dinc sakinləri, yaşayış məntəqələrimizi artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə evlərə, mülki obyektlərə, dinc əhalinin əmlakına, infrastruktura külli miqdarda ziyan vurulur.

Ooktyabrın 8-də səhər saatlarında düşmən yenidən Goranboy rayonunu artilleriya atəşinə tutub. Nəticədə rayonun bir neçə kəndində evlərə və mülki obyektlərə ziyan dəyib.

Kənd sakini Afiyəddin Quliyev bildirib ki, hadisə səhər saatlarında olub: “Partlayış səsi eşidildi. Çölə çıxanda gördük ki, ermənilərin atdığı mərmi əmimgilin evinin həyətinə düşüb. Gəlib gördük ki, əmimin yoldaşı Türyan Quliyeva aldığı qəlpə yarasından həlak olub, qəlpələr isə evə ciddi ziyan vurub”.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri kəndi atəşə tutsa da, sakinləri hədəfə alsa da, qorxmurlar: “Hamı öz işindədir, heç yana getməyib. Biz ordumuza güvənirik. Ordumuz düşmənin payını verir, bizim təhlükəsizliyimizi təmin edir”, - deyə Afiyəddin Quliyev vurğulayıb.

Raket zərbəsi qonşuluqdakı bir neçə evə də ziyan vurub. Oğlunun evinə ciddi ziyan dəydiyini deyən rayon sakini Alim Allahverdiyevin sözlərinə görə, düşmənin atdığı raketin qəlpələri evdə gəlininin və üç azyaşlı uşağının yatdığı otağa ziyan vurub: “Xoşbəxtlikdən hadisə vaxtı nəvələrimə heç nə olmayıb. Biz düşməndən qorxmuruq. 1991-1992-ci illərdən bilirik ki, onlar dinc sakinləri hədəf alırlar. Əhalidə qorxu yaratmaq istəyirlər. Ancaq heç bir narahatçılıq yoxdur. Azərbaycan Ordusu güclüdür və düşmənə sarsıdıcı zərbələr vurur. Biz ordumuza güvənirik. Hamımız ordumuzun arxasındayıq. Ermənilər qorxaqdırlar. Qələbə bizimlədir”.

Kənd sakini Xəqani Quliyev isə deyir ki, düşmən kəndlərini atəşə tutsa da heç yana gedəsi deyillər: "Heç nədən qorxmuruq. Qorxsaydıq, bu qədər camaat burada olmazdı. Ordumuza, Prezidentimizə güvənirik. İnşallah, ordumuz tezliklə qələbə qazanacaq”.

Düşmənin artilleriya atəşi nəticəsindən evi zərər görənlərdən biri də Qarabağ veteranı, şəhid ailəsi Etibar Eyvazovdur. O bildirib ki, bu gün səhər saatlarından başlayaraq ermənilər rayonu atəşə tutmağa başlayıblar: “Raketlərdən biri də bizim həyətə düşdü və evə ziyan vurdu. Hadisə vaxtı evdə idik. Azyaşlı uşaqlar da yatmışdılar. Xoşbəxtlikdən xəsarət alan yoxdur. Özüm Qarabağ veteranıyam, şəhid ailəsiyəm. Bilirəm ki, ermənilər çətinliyə düşən kimi başlayırlar dinc sakinləri hədəfə almağa. Bunların məqsədi sakinləri hədəfə almaqla qorxutmaqdır. Amma bizi qorxuda bilməzlər. Hamı öz evində, yurdunda, yuvasındadır”, - deyə Etibar Eyvazov əlavə edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.