22
Oktyabr

22 Oktyabr

Xarici media

Moldovanın “Tribuna”, NOİ.MD, AVA.MD informasiya portalları Azərbaycanın bu ölkədəki səfiri Qüdsi Osmanovun bəyanatını yayıb.

Bəyanatda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının yeni tarix yaratdığı qeyd olunub. Bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad edir.

Döyüş meydanında məğlub olan Ermənistan müharibə cinayətlərini davam etdirərək, Azərbaycanın cəbhə bölgəsindən uzaq yerləşən şəhər və rayonlarını - Gəncə, Mingəçevir, Siyəzən, Qəbələ, Kürdəmir və digər yaşayış məntəqələrini raket atəşinə tutur. Bununla da Ermənistan rəhbərliyi özünün faşist ideologiyaya əsaslanan fəaliyyətini ifşa edir.

“Artıq bir sıra şəhər və kəndlərimiz erməni işğalçılarından azad olunub. Hər gün dövlət bayrağımız azad olunan yeni yaşayış məntəqələrində sancılır. Budur, Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü! Qarabağ Azərbaycandır!”, - deyə səfir bəyanatında vurğulayıb.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.