21
Oktyabr

21 Oktyabr

Xarici media

Ukraynanın ATR telekanalında Zəngilan şəhəri də daxil olmaqla, Azərbaycanın 24 yaşayış məntəqəsinin işğaldan azad olunması ilə bağlı reportaj yayımlanıb.

Reportajda Prezident İlham Əliyevin bununla bağlı xalqa müraciəti, Zəngilan şəhərində Azərbaycan bayrağının ucaldılması prosesi və ölkəmizin Ukraynadakı səfiri Elmira Axundovanın müsahibəsi yer alıb.

Zəngilan şəhərinin azad olunmasının Azərbaycanın böyük qələbəsi olduğunu bildirən səfir deyib: “Azərbaycan Ordusu öz torpaqlarının azad olunması uğrunda döyüşür. Bütün təzyiqlərə baxmayaraq, Azərbaycan öz ərazilərini işğalçılardan azad edəcək. Beynəlxalq təşkilatlar 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana təzyiq etməli idi ki, ölkəmizin ərazi bütövlüyü təmin olunsun. Ermənistan işğalçılıq siyasətinə görə bütün qlobal iqtisadi layihələrindən kənarda qalıb”.

Diplomat Ermənistanın Gəncə, Tərtər, Mingəçevir şəhərlərini raket və artilleriya atəşinə tutduğunu xatırladaraq, bunun müharibə cinayəti olduğunu deyib.

Elmira Axundova Azərbaycanın haqlı mübarizəsinə göstərdiyi dəstəyə görə Ukrayna dövlətinə təşəkkürünü bildirib.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.