Xarici media
Məqalədə diqqətə çatdırılır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticəsi olaraq Moskvada əldə edilmiş humanitar atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılaşmanı ciddi şəkildə pozmaqda davam edir. Qeyd olunur ki, Azərbaycanın Ağdam və Tərtər rayonları Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə tutulmuş, bir neçə saatdan sonra isə Ermənistan Hadrut və Cəbrayıl rayonlarına hücum etməyə cəhd göstərmişdir.
Məqalədə bildirilir ki, oktyabrın 11-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhə xəttindən xeyli uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncəni atəşə tutub. Bu hücum nəticəsində 9 mülki şəxs öldürülüb, uşaqlar da daxil olmaqla 34 nəfər müxtəlif dərəcəli ağır yaralanıb.
Çili xəbər agentliyi Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhalinin və kəndlərin atəşə tutulmasını vandalizmin daha bir açıq əlaməti olduğunu və Ermənistan rəhbərliyi tərəfindən atəşkəs çağırışlarının ikiüzlülükdən başqa bir şey olmadığını yazır.
“Infogate” Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan tərəfindən edilən bu təcavüz aktlarını kəskin şəkildə pisləyən və beynəlxalq ictimaiyyəti təcavüzkar Ermənistanı beynəlxalq hüquqa və beynəlxalq öhdəliklərə riayət etməyə məcbur etmək üçün qəti addımlar atmağa çağıran bəyanatına da istinad edir. Bəyanatda deyilir: “Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti çərçivəsində mülki şəxslərin, evlərin, mülki obyektlərin və tibb işçilərinin məqsədyönlü bombardman edilməsi bir daha göstərir ki, bu ölkə beynəlxalq hüququn əsas normalarına və Cenevrə Konvensiyalarına məhəl qoymur, öhdəliklərini açıq şəkildə pozur və humanizm prinsiplərindən çox uzaqdır”.