Xarici media
İndoneziyanın nüfuzlu “Pikiran Rakyat” qəzetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair səfir Cəlal Mirzəyevin müsahibəsi dərc olunub.
“Azərbaycan səfiri Dağlıq Qarabağ münaqişəsinə son qoymaq üçün əsas həll yolunun BMT Təhlükəsizlik Şurasının qətnamələri olduğunu bildirir” adlı yazı qəzetin baş redaktoru Noe Firmanın səfir C.Mirzəyev ilə münaqişə və baş verən son hadisələrə dair müsahibəsi əsasında hazırlanıb.
Azərbaycan səfiri ötən ayın sonunda yenidən alovlanan münaqişədə iki dəfə humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistanın təxribatları nəticəsində atəşkəsin pozulduğunu və döyüşlərin yenidən davam etdiyini bildirib. Sentyabrın 27-dən etibarən alovlanan döyüşlər zamanı Ermənistanın Azərbaycanın şəhərlərinə amansız hücumları nəticəsində 60-dan çox azərbaycanlı mülki şəxsin həlak olduğu və 270 nəfərin yaralandığı bildirilib.
Səfir son hadisələrə baxmayaraq, Azərbaycanın münaqişəni hələ də sülh yolu ilə həll etməyə hazır olduğunu qeyd edib. Səfir ATƏT-in Minsk qrupunun bu günə qədər münaqişənin sülh yolu ilə həll olunmasındakı səylərinin nəticə vermədiyini də əlavə edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin elə də mürəkkəb məsələ olmadığını qeyd edən diplomat bunun üçün münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və erməni işğalçı qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinə əməl edilməsinin kifayət etdiyini bildirib.
İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin son bəyanatında da münaqişənin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq həllinin dəstəkləndiyini xatırladan C.Mirzəyev münaqişə tərəflərinin ATƏT-in Minsk prosesi çərçivəsində danışıqlar masasına qayıtmağa dəvət olunduğunu qeyd edib. Bununla yanaşı, səfir İndoneziya vətəndaşlarına müraciət edərək Azərbaycan xalqının ərazi bütövlüyünün bərpası uğrundakı səylərini dəstəkləməyə çağırıb.