Xarici media
Ermənistan və Azərbaycan tərəfləri arasında Moskvada əldə edilən sazişə baxmayaraq, Ermənistan atəşkəs rejimini pozaraq, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə ballistik raketlər atıb, nəticədə yaşayış evləri dağılıb.
Tanınmış israilli jurnalist Neta Barın İsrailin nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş “Dağlıq Qarabağda atəşkəs rejimi pozulub” sərlövhəli məqaləsi bu barədədir.
Məqalə müəllifi qeyd edir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Aparatının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın terror siyasətini dövlət səviyyəsində davam etdirdiyini bildirib.
“Ermənistanın cəzasızlığı onu getdikcə daha çox müharibə cinayətləri törətməyə təhrik edir. Humanitar mülahizələrə əsasən müəyyən edilən atəşkəs rejimini pozmaqla Ermənistan Gəncənin əhalinin sıx yaşadığı hissəsini nizamsız atəşə tutub. Ermənistanı dayandırmaq lazımdır. Ermənistan bir tərəfdən sülh xahiş edir, digər tərəfdən isə dinc sakinlərə qarşı alçaqcasına terror aktı törədir.
Ballistik raketlərlə Gəncəyə zərbəni biz terror aktı kimi dəyərləndiririk. Onlar döyüş meydanında öz uğursuzluqlarının əvəzini çıxmaq üçün belə şərəfsiz addımlar atırlar”, - deyə Azərbaycan Prezidentinin köməkçisi qeyd edir.
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən yenidən atəşə tutulması ilə əlaqədar, tərəflərin şənbə günü səhər Rusiyanın vasitəçiliyi ilə əldə etdikləri atəşkəs rejiminin pozulması təhlükəsi yaranır.
Jurnalist Neta Barın nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş məqaləsi bu sözlərlə bitir: “Azərbaycanın Dağlıq Qarabağ regionunda iki həftə bundan əvvəl başlanmış ikinci müharibə yüzlərlə erməni və azərbaycanlı əsgərlərin, həmçinin dinc sakinlərin həyatına son qoyub. Ermənilər Azərbaycanın iki iri şəhərinə ballistik raketlərdən zərbələr endirərək infrastruktura ziyan vurub, dinc sakinləri məhv edib və yaşayış evlərini dağıdıblar”.