Xarici media
Ermənistan ordusunun bir gün əvvəl elan edilmiş humanitar atəşkəsi pozaraq Azərbaycanın Gəncə şəhərinə raket hücumu etməsi nəticəsində azı 9 nəfər həyatını itirib, 34 nəfər isə yaralanıb.
Bu barədə Malayziyanın BERNAMA Dövlət İnformasiya Agentliyi Türkiyənin Anadolu agentliyinə istinadla məlumat yayıb. Bildirilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi münaqişə zonasından uzaq məsafədə yerləşən Gəncə şəhərinə Ermənistan ordusunun gecə saat 2:00 radələrində raket hücumu barədə məlumatı öz “Twitter” səhifəsində yerləşdirib. Raket əhalinin sıx yaşadığı çoxmənzilli binaya düşüb.
Qeyd edilir ki, həmin hücum Moskvada Rusiyanın iştirakı ilə əldə edilən humanitar atəşkəsdən bir gün belə keçməmiş baş verib.
Məlumatda Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan ordusunun atəşkəs barədə razılaşmanı kobud şəkildə pozması barədə bəyanatı da əksini tapıb. Bildirilib ki, Azərbaycan ordusu bütün gecə düşmən tərəfin Hadrut və Cəbrayıl istiqamətlərində hücumlarının da qarşısını alıb.