Xarici media
Rumıniyanın aparıcı “Amosnews” xəbər agentliyi və “News24hours” xəbər portalı Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması barədə məqalələr dərc edib.
Məqalələrdə oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və dinc sakinlərin həlak olması, yaralanması haqqında məlumatlar yer alıb. Bildirilib ki, Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Gəncənin raket atəşinə tutulması ilə əlaqədar cinayət işi başlanıb. Dünya ictimaiyyəti bu cinayət barədə məlumatlandırılır.
Yazılarda Ermənistanın sülhün deyil, təcavüzün tərəfində olduğu vurğulanıb. Həmçinin Gəncəyə raket zərbəsindən sonra hadisə yerindən çəkilmiş və təqdim olunmuş fotolar da öz əksini tapıb.