Xarici media
Argentinada çıxan gündəlik “Clarin” qəzetinin internet-portalında “Azərbaycanın ikinci böyük şəhərinin raket atəşinə tutulması nəticəsində 12 nəfər həlak olub” sərlövhəli məqalə dərc edilib.
Məqalədə Azərbaycanın Baş Prokurorluğunun məlumatına istinad edilir. Bildirilir ki, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin ermənilər tərəfindən ballistik raketlərdən atəşə tutulması nəticəsində azı 12 nəfər ölüb, 50-dən artıq insan yaralanıb.
Argentina nəşri diqqətə çatdırır ki, Gəncə gecəyarısı atəşə tutularkən Qərbdə “SCUD” kimi tanınan “Elbrus” taktiki ballistik raketlərdən istifadə olunub.
“Clarin” bildirir ki, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün rəsmi “Twitter” səhifəsində Gəncəyə hücumu “müharibə cinayəti” adlandırıb.