Xarici media
Ermənistanın Azərbaycanın Gəncə şəhərində dinc sakinləri hədəf alması Misirin aparıcı KİV-lərinin diqqət mərkəzindədir.
Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə bu ölkənin “Egyptonline”, “Alwasela”, “Rayetmisr”, “Alkhabralmasry”, “Cairo24”, “Alhwar”, “Elhayaanews” informasiya portallarında oktyabrın 11-də gecə saatlarında Ermənistanın Gəncə şəhərinə raket zərbələri endirməsi və 7 dinc sakinin həlak olması, 33 nəfərin yaralanması haqqında məlumatlar operativ şəkildə yayılıb. Xəbərlərdə qeyd olunub ki, döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan silahlı qüvvələri mülki obyektləri və dinc əhalini hədəf alırlar. Ermənilərin növbəti vandalizmi terror aktı kimi qiymətləndirilib.
Misir saytlarının xəbərlərində vurğulanıb ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın dövlət səviyyəsində terror siyasətinin davam etdiyini bəyan edib.
İslam Əməkdaşlıq Təşkilatı Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytında da Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktı, vandalizm barədə xəbər yerləşdirilib.