17
Oktyabr

17 Oktyabr

Media

Özbəkistanın “fikr.uz”, “interfax.uz”, “tnews.uz” və “nargis.uz” portallarında Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və təcavüzü ilə bağlı özbək və rus dillərində məqalələr çap olunub.

“fikr.uz” və “interfax.uz” portalları Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Ria Novosti” agentliyinə müsahibəsi ilə əlaqədar material verib. Yazıda dövlət başçısının müsahibəsindən sitatlar gətirilir. Bildirilir ki, Prezident İlham Əliyev torpaqlarımız azad edildikdən sonra erməni icması və Azərbaycan icmasının dinc yanaşı yaşaması ilə bağlı deyib: “Gələcəkdə Dağlıq Qarabağ ərazisində erməni icması və Azərbaycan icması dinc yanaşı yaşamalıdır. Yeri gəlmişkən, Azərbaycanın digər yaşayış məntəqələrində, o cümlədən çoxminlik erməni icmasının mövcud olduğu Bakıda, Rusiyada, Gürcüstanda, digər ölkələrdə ermənilərlə azərbaycanlılar bəzən bir kənddə yaşayır və işləyir, onların arasında heç bir ziddiyyət yaranmır”.

“nargis.uz” portalı yazır ki, oktyabrın 10-da Moskvada humanitar atəşkəs rejimi qəbul edildikdən sonra da Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə şəhərini və digər rayonları, o cümlədən kəndləri raket atəşinə tutmaqda davam edir. Bu da 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və mülki əhalinin atəşə tutulması ilə bağlı digər konvensiyalara ziddir.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında da məlumat verilir.


Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.