30 il davam edən işğal

1980-ci illərin sonlarında Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları edərək, etnik təxribatlar və terror törətməyə başladı. Onlar SSRİ-nin mərkəzi hakimiyyətinin zəifləməsindən istifadə edərək, Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Ermənistana birləşdirilməsi üçün hərəkətə keçdilər. Nəticədə XX əsrin ən faciəli münaqişələrindən biri başladı.

1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlaydı. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşdilər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.

Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib.

Başlanğıc

Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olub.

1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində (o dövrdə Stepanakert) Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirilib. Fevralın 16-dan martın 2-dək DQMV-də müxtəlif mitinqlər təşkil edilib. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin erməni əsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs veriblər (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyiblər). Fevralın 21-də isə Sov.İKP MK “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarıb və bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılıb. Buna baxmayaraq, fevralın 22-də Xankəndi-Ağdam şosesi üzərində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açıblar. Nəticədə iki azərbaycanlı gənc şəhid olub. Martın əvvəlində Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan “Qarabağ” təşkilatı maneəsiz şəkildə Yerevanda, “Krunk” təşkilatı isə Xankəndidə fəaliyyətə başlayıb.

İyunun 14-də Ermənistan SSR Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsi” haqqında qərar qəbul edib. Azərbaycan SSR Ali Soveti buna etiraz olaraq iyunun 17-də DQMV-nin Azərbaycan SSR-in tərkibində olmasını yenidən təsdiq edib. İyulun 18-də isə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə qərar çıxarıb. Bununla SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müvafiq müddəanı rəhbər tutaraq respublikaların ərazi bütövlüyü prinsipini müdafiə edib.

SSRİ-nin ümumi dövlət strukturu zəiflədikcə bölgədə vəziyyət daha da pisləşirdi. Dağlıq Qarabağda pozuculuq fəaliyyəti ilə məşğul olan, əsasən Ermənistandan göndərilən silahlı qruplar və terrorçular peyda olmuşdu. Belə bir şəraitdə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə yaradılan Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar - 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələnib.

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın birləşməsi haqqında” qərar qəbul edib. 1990-cı il yanvarın 9-da Ermənistan SSR Ali Soveti DQMV-nin sosial-iqtisadi inkişaf planını Ermənistan SSR-in 1990-cı il üçün planına daxil edib. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirilib.

Ermənistan-Azərbaycan münaqişəsi

Ermənistan SSR Ali Sovetinin qərarları Ermənistanın təcavüzkar mahiyyətini açıq-aydın ortaya qoyurdu. Azərbaycana qarşı ərazi iddiaları təkcə millətçi qruplar tərəfindən deyil, həm də Ermənistanın hakimiyyət strukturları tərəfindən irəli sürülürdü. Ermənistan nəyin bahasına olursa-olsun Azərbaycan ərazisinin bir hissəsini zəbt etmək istəyirdi.

1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli Hərəkatının qalib gəlməsi nəticəsində respublikada müharibəni təbliğ edən ifrat millətçi və şovinist qüvvələr hakimiyyətə yiyələndilər. Bu isə onların təcavüzkar müharibəyə başlamasını daha da sürətləndirdi. Yerevan bütün səylərini qeyri-rəsmi hərbi birləşmələrin yaradılmasına və onların silahlandırılmasına yönəldərək problemi öz məqsədlərinə uyğun, güc yolu ilə həll etməyə üstünlük verdi. Məhz bu səbəbdən Ermənistan danışıqlar prosesinə heç vaxt ciddi yanaşmayıb və bundan yalnız beynəlxalq ictimai rəydə görüntü yaratmaq məqsədi ilə yararlanmağa çalışıb.

İstər müharibə ərəfəsində, istərsə də sonrakı dövrdə Azərbaycanın mövqeyi SSRİ Konstitusiyası və beynəlxalq hüquq normaları baxımından tam haqlı olub. Lakin o dövrdə Azərbaycan siyasi elitasının fəaliyyətsizliyi, respublikada siyasi liderin olmaması vəziyyəti daha da çətinləşdirirdi.

Proseslərin gedişini hərtərəfli təhlil etməyi bacaran, məsələlərin həlli üçün xalqın iradəsini, prinsipial mövqeyini görən, əhalini vahid məqsəd uğrunda səfərbər edə bilən uzaqgörən şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dövrdə məcburi istefada idi. Onun siyasətdən uzaqlaşdırılması münaqişənin ermənilərin istəyinə uyğun olaraq daha da dərinləşməsinə bilavasitə təsir göstərdi.

Güclü təzyiq dalğası

1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının Bakıya yeridilməsi və Qanlı Yanvar faciəsinin törədilməsindən sonra Kreml və şəxsən Prezident Mixail Qorbaçov tam nüfuzdan düşdü. Bakıdan sonra sovet qoşunları Neftçala və Lənkəranda mülki şəxsləri qətlə yetirdi. Ümumilikdə, Yanvar hadisələri zamanı ölkə üzrə 150 nəfər öldürüldü. Azərbaycan xalqının SSRİ-yə münasibətinin tamamilə dəyişməsində və milli müstəqillik ideyalarını reallaşdırmasında 20 Yanvar faciəsi mühüm rol oynayıb. Azərbaycanın kommunist rəhbərləri xalqın milli şüurunda baş verən köklü dəyişiklikləri görmədiyi halda, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı yürütdüyü qərəzli siyasətə kəskin etirazını bildirib, sovet ordusunun dinc əhaliyə divan tutmasını qətiyyətlə pisləyib və daha sonra Kommunist Partiyasının üzvlüyündən imtina edib.

SSRİ Ali Sovetinin “DQMV-də vəziyyəti normallaşdırmaq tədbirləri haqqında” 1989-cu il 28 noyabr tarixli qərarına əsasən, DQMV Xüsusi İdarəetmə Komitəsinin ləğv edilməsi, vilayətin xalq deputatları sovetinin fəaliyyətinin bərpası və DQMV üzrə Respublika Təşkilat Komitəsinin yaradılması qərara alındı. Lakin Komitə özünü qoruyub saxlamaqda maraqlı olan ümumittifaq sisteminin getdikcə zəifləyən imkanlarına əsaslandığına görə, onun fəaliyyəti əvvəldən uğursuzluğa məhkum idi. Ümumittifaq dövlətçiliyini qəti şəkildə sarsıtmış 1991-ci ilin avqust hadisələrindən sonra bu Komitənin fəaliyyəti əhəmiyyətsiz oldu. Yaranmış yeni siyasi reallıq SSRİ hakimiyyətinin nominal olduğunu və onun sonunun çatdığını göstərirdi.

Erməni diasporu və lobbisi münaqişənin gedişatına təsir etməklə yanaşı, fəaliyyət göstərdikləri ölkələrdə uydurma iddialara əsaslanan təbliğat işi aparır və onları münaqişənin öz maraqlarına uyğun həllə yönəltməyə çalışırdı.

1991-ci il sentyabrın 2-də DQMV və Azərbaycan SSR-in Şaumyan (kənd) rayonu hüdudlarında qondarma “Dağlıq Qarabağ Respublikası” (“DQR”) elan edildi, dekabrın 10-da isə “referendum” keçirildi. Aydın görünürdü ki, Ermənistan SSRİ-nin dağılması perspektivini nəzərə alaraq, guya özünü münaqişə tərəfi olmadığını göstərmək və bununla da beynəlxalq rəyi çaşdırmaq üçün fəaliyyətini xüsusi plan üzrə reallaşdırmağa çalışır.

Buna cavab tədbiri kimi 1991-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Ali Soveti Dağlıq Qarabağın muxtariyyət statusunu ləğv etdi. Bu vaxta qədər açıq şəkildə ərazi iddiaları səsləndirən Ermənistan Azərbaycana qarşı müharibə elan etmədən hərbi əməliyyatlara başladı. Bununla da, münaqişə yeni “qaynar mərhələ”yə keçdi.

Kütləvi qırğın, soyqırımı aktları

Hərbi kampaniya dövründə Ermənistan silahlı qüvvələri hərbi və mülki şəxslər arasında heç bir fərq qoymadan işğal etdikləri rayon və şəhərlərdə dinc azərbaycanlı əhalini amansızlıqla qətlə yetirib. Azərbaycanlılar etnik təmizləməyə və soyqırımına məruz qalıblar. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini fiziki cəhətdən məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü.

1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistan azərbaycanlı əhaliyə qarşı Xocalı soyqırımını törədib. Nəticədə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfər dinc sakin qətlə yetirilib.

Milli liderin xilaskarlıq missiyası

1993-cü il iyunun 15-də Milli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdanda ölkədə mürəkkəb şərait hökm sürürdü. Ulu Öndər belə bir nəticəyə gəldi ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində kompleks yanaşma, mühüm daxili və xarici siyasət amillərinin nəzərə alınması tələb olunur. Bunlar ictimai-siyasi sabitliyin təmin edilməsi, döyüş qabiliyyətli nizami ordunun yaradılması, dövlət institutlarının yenidən formalaşdırılması və onların səmərəli fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın bərpası və köklü idarəçilik islahatlarının həyata keçirilməsi, ölkənin yaxın onilliklər üçün inkişafını təmin edəcək strateji neft müqavilələrinin bağlanması və nəticə olaraq millətin bir amal – azərbaycançılıq ideologiyası ətrafında birləşdirilməsini özündə ehtiva edirdi.

1994-cü il mayın 12-də atəşkəsə dair razılıq əldə olundu. Bu vaxta qədər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi – Xankəndi şəhəri, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları, həmçinin Tərtər rayonunun 13, Qazax rayonunun 7, Naxçıvanın Sədərək rayonunun isə 1 kəndi Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, 20 min nəfərdən çox azərbaycanlı hərbi əməliyyatlar dövründə öldürülüb, 50 min nəfərdən çoxu isə əlil olub.

I Qarabağ müharibəsi nəticəsində aralarında 71 uşaq, 267 qadın, 326 qoca olmaqla, itkin düşmüş 3890 azərbaycanlının, o cümlədən əsir və girov götürüldüyü müəyyən edilmiş 872 nəfərin (2020-ci il dekabrın 1-nə olan məlumata əsasən) sonrakı taleyi məlum deyil. 1988-1993-cü illərdə Qarabağda, ümumilikdə, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılıb.

Münaqişə beynəlxalq sənədlərdə

Dövlətlərarası xarakterinə görə beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid mənbəyinə çevrilən Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirələrə səbəb olub, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul edilib.

1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın Kəlbəcər rayonundan və digər işğal olunmuş ərazilərindən dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul edib.

1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın Ağdam rayonu və digər işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 853 saylı qətnamə qəbul edib.

1993-cü il oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ATƏM-in Minsk qrupunun nizama salmaya dair vaxt cədvəlinə uyğun olaraq, ən son işğal edilmiş ərazilərdən çəkilməyi tələb edən 874 saylı qətnamə qəbul edib.

1993-cü il noyabrın 11-də BMT Təhlükəsizlik Şurası 884 saylı qətnamə qəbul edib. Qətnamə Zəngilan rayonu və Horadiz qəsəbəsinin işğalını, mülki əhaliyə qarşı hücumu və Azərbaycan Respublikası ərazilərinin bombalanmasını pisləyib, Zəngilan rayonu və Horadiz qəsəbəsindən və Azərbaycan Respublikasının ən son işğal olunmuş digər ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edib.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı kimi çıxış edən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiyi bu qətnamələr münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli üzrə siyasi prosesin hüquqi əsaslarını müəyyən edib. Qətnamələrdə Azərbaycan ərazilərinin işğalı pislənilib, güc tətbiqi vasitəsilə ərazilərin zəbt edilməsinin qəbuledilməzliyi vurğulanıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiq edilib və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunub.

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) çərçivəsində qəbul olunmuş sənədlər beynəlxalq hüququn prinsip və normaları, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında danışıqlar prosesinin normative hüquqi bazası və mexanizmini təşkil edib. 1992-ci il yanvarın 30-31-də Praqada keçirilən ATƏM Nazirlər Şurasının iclasında Azərbaycan və Ermənistanın bu təşkilata üzvlüyündən sonra ATƏM münaqişə ilə yaxından məşğul olmağa başlayıb. Fevral ayında Ermənistan və Azərbaycana məruzəçilər missiyasının göndərilməsindən sonra təşkilatın Yüksək Vəzifəli Şəxslər Komitəsi qərar qəbul edərək tərəfləri sülhə, o cümlədən atəşkəsin elan edilməsinə və qonşu dövlətlərə qarşı ərazi iddialarına son qoymağa çağırıb. 1992-ci il martın 24-də Yüksək Vəzifəli Şəxslər Komitəsinin təşəbbüsü ilə ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən əlavə görüşündə ATƏM-in münaqişənin həlli prosesində əsas rol oynamalı olduğu bildirilib, Belarus Respublikasının paytaxtı Minsk şəhərində danışıqlar üçün daimi çərçivə kimi çıxış edəcək xüsusi konfransın çağırılması qərara alınıb.

Təşkilatın 1994-cü ildə Budapeştdə keçirilmiş Zirvə toplantısında münaqişənin həlli prosesinə təkan vermək məqsədilə əlaqələndirilmiş fəaliyyət çərçivəsində səylərin gücləndirilməsi və sülhün qorunması üçün çoxmillətli qüvvələrin münaqişə bölgəsinə göndərilməsi haqqında razılığa gəlinib, həmçinin ATƏM-in fəaliyyətdə olan sədrinə Minsk konfransının həmsədrlərini təyin etmək tapşırılıb.

1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistanın mane olmaq cəhdlərinə baxmayaraq, münaqişənin həlli prinsipləri müzakirəyə çıxarılıb və bu prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrinin yekun sənədə əlavə edilən bəyanatında öz əksini tapıb. ATƏT-in bütün iştirakçı dövlətlərinin qoşulduğu həmin prinsiplər aşağıdakılardır:

1. Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü;

2. Dağlıq Qarabağın Azərbaycan daxilində ən yüksək özünüidarəetməni ehtiva edən hüquqi statusu;

3. Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət.

Lissabon sammitində sözügedən prinsiplərin təsbit edilməsi, 1997-ci ilin əvvəllərində Minsk qrupunda yeni həmsədrlik institutun yaradılması və Rusiya, ABŞ və Fransanın həmsədrlər təyin edilməsi danışıqlar prosesinə impuls verib. Həmsədrlər münaqişənin həlli ilə bağlı yazılı təkliflərlə çıxış ediblər. 1997-ci ilin yayında hərtərəfli saziş layihəsi tərəflərə təqdim edilib. Azərbaycanın konstruktiv mövqeyinə baxmayaraq, Ermənistan təklifi rədd edib. 1997-ci ilin payızında həmsədrlərin bölgəyə səfəri zamanı tərəflərə “mərhələli həll” planı təqdim olunub. Bu plana əsasən ilk olaraq Ermənistan qoşunlarının işğal edilmiş rayonlardan geri çəkilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması, kommunikasiya vasitələrinin bərpası, ATƏT-in sülhyaratma missiyasının bölgəyə yerləşdirilməsi həll edilməli, sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalı idi. Lakin Ermənistan yenidən danışıqlar prosesində konstruktivlikdən uzaq mövqe nümayiş etdirib.

Azərbaycanın sülh siyasəti, Ermənistanın desktruktiv mövqeyi

2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həllini ehtiva edən və “Madrid prinsipləri” kimi tarixə düşən təkliflər hazırlayıb, sənədin birinci versiyası tərəflərə təqdim olunub. 2009-cu ilin sonunda isə Madrid sənədinin yenilənmiş layihəsi hazırlanıb və yenidən tərəflərə təqdim edilib. Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə olunmayıb. Hər iki sənəd münaqişənin mərhələli şəkildə həll edilməsini nəzərdə tutub, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasını, kommunikasiya xətlərinin bərpasını və digər elementləri ehtiva edib.

Sonrakı görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə həlli üçün danışıqların davam etdirilməsi haqqında razılığa gəlib və problemin humanitar aspektlərinə xüsusi diqqət ayırıblar. Lakin danışıqlar prosesində intensivliyin artdığını və prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan hərbi təxribatlar yolu ilə danışıqları pozmağa çalışıb. Belə ki, Fransanın təşəbbüsü ilə 2014-cü il oktyabrın 27-də prezidentlərin Paris görüşündən sonra danışıqlar masasında olan konkret məsələləri müzakirə etmək əvəzinə, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində 40.000 nəfərdən artıq şəxsi heyətin iştirakı ilə genişmiqyaslı hərbi təlim keçirib.

Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində hücum xarakterli uçuşlar edərək təxribat törətməsindən sonra danışıqlar prosesinin intensivliyi aşağı düşüb və iki ölkə prezidentləri arasında görüş yalnız 2015-ci il dekabrın 19-da İsveçrənin Bern şəhərində bərpa edilib.

 Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.