Pilotsuz Uçuş Aparatları (PUA)

“Baytaktar TB2”

"Baykar" şirkətinin hazırladığı "Bayraktar TB2" kompleksi PUA platformasından, yerüstü idarəetmə stansiyasından, məlumat terminalından, uzaqdan görüntü terminalından, aerodrom avadanlıqlarına və generatora malik qoşqu vasitəsindən ibarətdir. "Baykar"ın texnoloji imkanları sayəsində kompleksin bütün detalları yerli və milli marka altında istehsal olunur.

Zərbə tipli taktiki "Bayraktar TB2" PUA-sı kəşfiyyat və müşahidə missiyaları üçün "orta hündürlükdə uzun müddət" (MALE) uçuş üçün təsnif edilən sinifə aiddir. Üç ədəd avionika sistemi və sensor arxitekturası ilə tam avtonom qalxma, enmə və normal kreyser uçuşu qabiliyyətinə malikdir. TB2 2014-cü ildən Türkiyə Silahlı Qüvvələrində, Jandarm və Polisdə fəal istismar edilir. "Bayraktar TB2" Türkiyə aviasiyası tarixində 27 min 30 fut yüksəkliyə qalxmaqla, havada 27 saat 3 dəqiqə qalaraq, zaman və hündürlük kimi iki əsas rekordu birdən vurub.

“Bayraktar”ı getdikcə daha çox ölkə almaq istəyir. Ukrayna kimi inkişaf etmiş hərbi və aviasiya sənayesi olan dövlətin kifayət qədər ciddi bir rəqiblə müharibə vəziyyətində olarkən Türkiyə pilotsuz zərbə vasitələrinə ehtiyac duyması "Baykar" şirkətinin böyük uğuru hesab edilməlidir. Buna səbəb həm TSQ-nin sərhəddən kənarda keçirdiyi döyüşlərdə, həm də PKK-ya qarşı antiterror əməliyyatlarında onların uğurlu tətbiqidir. Amma əlbəttə ki, “Bayraktar TB2”ni bütün dünyaya tanıdan onun İkinci Qarabağ Müharibəsində özünü çox yaxşı göstərməsi oldu.

Taktiki-texniki xüsusiyyətləri:

Uzunluğu: 6.5 m;

Hündürlüyü: 2.2 m;

Qanad açılımı: 12 m;

Kütləsi: 650 kq;

Faydalı yük kütləsi: 55 kq;

Faydalı yükü: lazerlə idarə olunan 4 ədəd raket;

Mühərrik: 1×Rotax 912 (daxili yanma);

Mühərrikin gücü: 100 at gücü;

Yanacaq tutumu: 300 l benzin;

Sürəti: 250 km/saat;

Kreyser sürəti: 120 km/saat;

Uçuş yüksəkliyi: 8000 metrdən yüksək;

Havada qalma müddəti: 27 saat;

Fəaliyyət radiusu: 150 km.

Kəşfiyyat, havadan fasiləsiz müşahidə və s. tapşırıqları uğurla yerinə yetirən PUA-ya Türkiyənin "Roketsan" şirkətinin MAM-L və MAM-C milli smart döyüş sursatları inteqrasiya edilib.

"Bayraktar TB2" zərbə PUA-sı quraşdırılan lazer nişangahı ilə hədəfləri yüksək dəqiqliklə nişan alaraq, daşıdığı dörd “ağıllı” raketlə məhv edə bilir. "Bayraktar TB2" hədəfə yaxın ərazilərə zərər verməmək üçün sürətli "gör və məhv et" funksiyasına malikdir. Kompleksin bu xüsusiyyəti mülki əhalinin təhlükəsizliyinin prioritet təşkil etməsinə imkan verir. PUA qırıcı təyyarələrin hədəfə hücumunu asanlaşdırmaq üçün də tətbiq edilə bilir.

PUA-nın real zamanda müşahidə və video arxivləmə (BGAM) sistemi yüksək keyfiyyətli canlı görüntülərin eyni vaxtda çox sayda istifadəçi tərəfindən izlənilməsinə imkan verir. BGAM istifadəçilərə şəbəkə və ya mobil tətbiqi istifadə etməklə planşetdə canlı görüntüləri etibarlı şəkildə izləməyə imkan yaradır. Bütün canlı görüntülər BGAM sistemi tərəfindən 30 dəqiqəlik qovluqlarda avtomatik arxivlənir. İstifadəçilər canlı görüntüləri seyr edərkən həm qeydlər edə, həm də bu qeydlərə bir çox etiketlər əlavə edə bilərlər. Bu qeydlər və etiketlər ilə arxiv videolarında axtarış aparmaq da mümkündür. Döyüş tapşırıq mətni bu qeydlərlə yaradılaraq ünvana (icracıya) göndərilir. Arxiv sənədləri tarix və verilənlərə görə skan edilə bilər.

Sistem canlı və arxiv görüntülərə girişin etibarlığını təmin etmək üçün avtomatik olaraq müvəqqəti parollardan istifadə edir və bununla da görüntü serverinə icazəsiz girişin qarşısı alınır.

Görüntü Transfer Sisteminə inteqrasiya edilə bilən əlavə mobil tətbiq sayəsində canlı yayımları "Windows" platforması olan mobil cihazlarda da izləmək mümkündür. Yüksək təhlükəsizlik məqsədilə şəbəkədə yayımlar mobil cihazlara tam şifrələmə və tək istiqamətli məlumat transferi (diod tətbiqi) yolu ilə etibarlı şəkildə ötürülür.


“Harop”

Bəzi mütəxəssislər onu “uçan sursat” da adlandırırlar. “Israel Aerospace Industries” (İsrail Aerokosmos Sənayesi) korporasiyasının aerokosmik bölməsi tərəfindən hazırlanan “Harop” Pilotsuz Uçan Aparatları (PUA) radiodalğa kateqoriyalıdır, yəni hədəfin radarlarının yaydığı radiodalğalara kilidlənir. Sonra isə özünü həmin hədəflərə çırpmaqla hədəfi və özünü məhv edir. Əlavə döyüş başlığı daşıyan aparatlardan fərqli olaraq, bu dron özü bütövlükdə döyüş başlığı sayılır. “Harop” ya avtonom şəkildə özünün radar siqnallarını qəbul edən sensorları vasitəsilə hədəfi tapır və məhv edir, ya da yerdəki idarəetmə mərkəzindən yönəldilir. Hədəf aşkarlanmadığı halda dron özü bazaya qayıdır.

Dron hazırlanarkən radar ölçüsünün (RCS - Radar Cross Section - düşmən radarında görünmə dərəcəsi) kiçik olması prioritet qəbul edilib. Bu cür kiçik ölçülü PUA-lar düşmənin əsas hava hücumundan müdafiə (HHM) sistemlərinə demək olar ki, görünməz olduqlarından asanlıqla atəşdən yayına bilir və buna görə də döyüşlərin ilkin artilleriya hazırlığı mərhələsindən başlayaraq, istifadə edilirlər. Onlar düşmənin komanda məntəqələrini, radiolokasiya qurğularını, HHM sistemlərini və zenit-raket qurğularını yararsız vəziyyətə saldıqdan sonra təyyarələrin düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmaq riski ciddi şəkildə azalır və aviasiya əməliyyatlara başlayır.

Uzunluğu 2,5 metr, qanad ölçüsü 3 metr, çəkisi 135 kq, döyüş başlığı 23 kq olan “Harop” saatda 185 kilometr/saat sürətlə irəliləyərək, havada 6 saat qala və maksimum 1000 km məsafəyə qədər fəaliyyət göstərə bilir.

“Harop” ilk dəfə 2016-cı ilin aprelində erməni işğalçılarına qarşı “4 günlük müharibə” hərbi əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən istifadə olunub. Bu hadisə dünya hərb tarixinə ilk dəfə “uçan sursat”dan istifadə kimi düşdü. Bu döyüşlərdə “Harop”la endirilən bütün zərbələr uğurlu alındı. Hazırda Azərbaycan Ordusu dünyada ən uzaq mənzilə malik “uçan sursat” olan “Harop”un postsovet məkanında yeganə istifadəçisi və istehsalçısıdır.

“Harop” yerüstü bazadan və dənizdən buraxıla bilməklə yanaşı, havadan buraxılmaq üçün də modifikasiya edilə bilər. Qeyd olunduğu kimi, “Harop”un iki növ idarəetmə üsulu var: avtonom və ya bazadan yönəldilmə. “Harop” muxtar idarəetmə rejimində özünün radar tapma sensorları vasitəsilə düşmən radarlarının yaydığı siqnallara kilidlənə bilir. Bununla yanaşı, o, baza tərəfindən elektro-optik sensorları vasitəsilə hərəkətdə və yaxud da sabit vəziyyətdə olan hədəfə yönəldilə bilər.

Hazırda bu PUA-lar “Israel Aerospace Industries” korporasiyasının lisenziyası ilə Azərbaycan Müdafiə Sənayesinin müəssisələri tərəfindən istehsal edilir.


“SkyStriker” (“Quzğun”)

İlk dəfə 2017-ci ildə Parisdəki “Le Burje” aviasalonunda nümayiş etdirilən "SkyStriker" elə də böyük olmayan pilotsuz uçuş aparatıdır. İsrailin ixtisaslaşmış məşhur özəl silah istehsalçısı "Elbit Systems" şirkətinin istehsal etdiyi "SkyStriker" taktiki kamikadze tipli PUA-dır. O müxtəlif hədəfləri aşkarlamaq, koordinatlarını təyin etmək və onlara zərbə endirmək üçün nəzərdə tutulur. Həmçinin uzaqdan idarə olunan elektro-optik tuşlamaya malik "uçan sursat" əməliyyat sisteminə malikdir.

PUA-nı idarə edən operator onu hədəfə doğru yönəltmək, praktik olaraq təmas nöqtəsinə çatdırmaq və eyni zamanda, hücumu ləğv etmək imkanına malikdir. Aparat xüsusi elektron mühafizə sisteminə malik olmaqla, radioelektron maneə vasitələrinə qarşı dayanıqlıdır.

"SkyStriker"in yüksək texniki xüsusiyyətləri operatorlara hədəfləri aşkarlamağa, koordinatlarını təyin etməyə və dəqiq zərbə endirməyə imkan verir. Uçuş vaxtı diqqət cəlb edən hədəf müəyyən edilmədikdə operator PUA-nı geri qaytarır və o, paraşütün köməyilə yerə enə bilir.

Sistemin elektrik mühərriki aşağı akustik siqnala malikdir və aşağı hündürlükdə əməliyyatların gizliliyini təmin edir. Uçuş sürəti qabiliyyətinə görə PUA bir neçə dəqiqə ərzində onlarla kilometr məsafə qət edə bilir. Hədəf bölgəsinə çatdıqdan sonra iki saata qədər hədəfi müşahidə edə və ya operatorun komandası ilə zərbə endirə bilər. Hədəfə zərbə bomba, yaxud raket vasitəsilə deyil, PUA-nın yüksək sürətlə özünü ona çırpması metodu ilə endirilir.

"SkyStriker" sadə quruluşa malikdir, onun sadə istismar qaydalarına malik olması operatora düşmənə dəqiq hava zərbəsi endirməzdən əvvəl hədəfi izləməyə və onu tam identifikasiya etməyə imkan verir.

PUA-nın istehsalında aşağı görüntü əmsalına malik kompozit materiallardan istifadə edilir. Yüksək dəqiqlik, uzaq məsafə, kifayət qədər uzun müdət gözləmə rejimi, 10 kq.-a qədər sursat daşıma imkanı "SkyStriker"i öz sinfinin ən güclü PUA-larından birinə çevirir. Onun əməliyyat sistemi istənilən hədəfi istənilən istiqamətdən və istənilən bucaq altında məhv etməyə imkan verir.

"SkyStriker"in operatoru zərbədən iki saniyə əvvəl döyüş başlığının istifadə əmrini ləğv edə və ya yenidən aktivləşdirə, məhv ediləcək hədəf olmadıqda isə təhlükəsiz şəkildə start mövqeyinə və ya əmr edilən koordinatlara qaytara bilər.

PUA elektrik mühərriki və itələmə qüvvəsi verən “pərvanə” ilə təchiz edilib. 5 kq-dan 10 kq.-a qədər döyüş başlığı daşıyan aparatın çəkisi 35 kq.-dir. 2 saat havada qalaraq, 185 km/saat sürətlə hərəkət edir, bu isə 6 dəqiqə ərzində 20 kilometr məsafə qət etmək deməkdir.

Demək olar ki, hücum anına qədər elektrik mühərriki hesabına PUA səssiz uçur. Operator hədəfə zərbə endirmək üçün PUA-nı saatda 555 km. sürətlə hədəfə doğru yönəldir. Bu PUA-nın aşağı akustik siqnallara malik olması və məhdud görmə şəraitində ciddi nəticələr göstərməsi düşmən üçün böyük sürprizlər vəd edir.

Aşkar edilən görüntülər onlayn rejimdə operatora ötürülür. Lakin bu məqsədlə istifadə edilən format, məlumatların yaddaşa yazılması və saxlanılması, sistemin NATO təhlükəsizlik və sənaye standartlarına uyğunluq səviyyəsi barədə məlumatlar hələlik gizli saxlanılır.


“İti qovan” ( “Zərbə”, “Orbiter 1K”)

2016-cı ilin aprelində anti-terror əməliyyatı zamanı zərbə PUA-larından səmərəli istifadə yerli sektorda bu istehsal sahəsinin inkişafı üçün bir növ katalizator oldu. Qısa müddət ərzində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki “AZAD Systems Co” konserninin mühəndis qrupu “Orbiter 2B” kəşfiyyat PUA-sının bazasında 1K indeksi ilə özünün zərbə tipli uçan sursatını yaratdı.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xüsusi təlim poliqonunda sınaqların ilk günündə 100% Azərbaycan silah mühəndisləri tərəfindən hazırlanan döyüş başlıqlarının məsafədən idarə olunan sınağı həyata keçirildi. Müxtəlif qalınlıqda hədəflərin döyüş başlığı ilə məhv edilməsinin nəticəsi və 4000 ədəd məhvetmə elementinin trayektoriyası mütəxəssisləri tamamilə qane etdi.

Növbəti mərhələdə, döyüş başlığı PUA-nın ön tərəfində yer aldı və müxtəlif hava şəraitində, fərqli yüksəkliklərdə və həddindən artıq yüklənmə rejimində uçuş sınaqları keçirildi. İlkin hesablamalar praktikada özünü doğrultdu, texniki problemlər aşkarlanmadı, REM qurğularının təsiri nəticəsində siqnal itkisi və komanda idarəetmə mərkəzi ilə hərəkətlər arasındakı problem qeydə alınmadı.

Potensial düşmənin yük maşınları və piyadalarını təqlid edən bir qrup hədəfə real zərbələr endirildikdə ilkin sınaqlar məntiqi sonluğuna çatdı. Birinci PUA zərbə nöqtəsinə qədər olan orta məsafədə partladıldı, ikincisi hədəflərin yaxınlığında, üçüncüsü isə “hədəf təsdiqlənmədi” əmrini aldıqdan sonra təlim əməliyyatı yerindən 30 km. məsafədə yerləşən bazaya qaytarıldı və nəzarət mərkəzinə uğurla endi.

“Orbiter 1K Zərbə” çoxməqsədlidir və düşmən müdafiəsinin taktiki dərinliyində kəşfiyyat üçün də istifadə edilə bilər.

Taktiki-Texniki Xüsusiyyətləri:

Təyinatı: Kəşfiyyat, düşmənin aşkarlanması və məhv edilməsi

Hədəfi: Canlı qüvvə, yüngül zirehli maşınlar, avtomobillər, artilleriya heyətləri (RYAS, ZRK və s.), radarlar, bazalarda təyyarələr

Kütləsi: 10 kq (döyüş başlığı ilə)

Döyüş başlığı: 2 kq partlayıcı, 4000 ədəd məhvetmə elementi

Uçuş müddəti: 2 saat

Uçuş sürəti: 65-100 km/saat

Şığıma sürəti: 200 km/saat

Buraxılış sistemi: Sabit katapult

Enmə sistemi: Paraşüt

Uçuş yüksəkliyi: 4572 m

Mühərrik: Elektrik, səssiz

Fəaliyyət radiusu

• bazaya qayıtması daxil olmaqla: 50 km

• hədəfi təsdiq edildikdə: 80-100 km

“Zərbə” düşmənin GPS siqnallarının alqoritmini dəyişdirən elektron qurğularının təsir zonasında fəaliyyət göstərə bilir və xarici siqnal qəbuletmə sistemi söndürüldükdə belə bazaya avtomatik dönmə funksiyasına malikdir.


“Aerostar”

“Aerostar” taktiki pilotsuz uçuş aparatı İsrailin “Aeronautics Defense Systems” şirkətinin lisenziyası ilə Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin mütəxəssisləri tərəfindən Silahlı Qüvvələrimizin havadan kəşfiyyat, müşahidə, aşkaretmə və izləmə funksiyalarını daha təhlükəsiz və etibarlı şəkildə icra edə bilmələri məqsədilə istehsal edilir. Bu aparatların istehsalı üçün hissələr ilkin mərhələdə konstruksiya ölçülərinə uyğun kompozit materiallardan hazırlanır. Daha sonra xüsusi qəliblərdə hazırlanan hissələr yoxlanılaraq yığım sexinə verilir və quraşdırma prosesi aparılır. Qurğuda xüsusi izləmə mini optik kamera yerləşdirilir. Aparat elektron mühafizə sisteminə malik olmaqla, radio-elektron boğma vasitələrinə qarşı da dayanıqlıdır. Peyk ilə GPS əlaqəsi itən zaman aparat döyüş tapşırığını sərbəst şəkildə yerinə yetirməyə qadirdir.

Orta yüksəklikdə uzun müddət ərzində aparat geniş ərazidə real vaxt rejimində ələ keçirdiyi kəşfiyyat məlumatlarını peyk rabitə sisteminin kanalları ilə yerüstü idarəetmə stansiyasına (GCS) ötürür. Hərbi sahələrdən başqa digər sahələrdə də istifadə edilə bilən “Aerostar”kompleksi 4 ədəd PUA-dan və yerüstü idarəetmə stansiyasından ibarətdir. Bu stansiyalardan artilleriya atəşinin nizamlanmasında, hədəf göstərilməsində, sərhədlərə və dəniz akvatoriyasına nəzarət edilməsində, axtarış- xilasetmə tədbirlərində geniş istifadə olunur. Gecə və gündüz istənilən hava şəraitində istifadə edilə bilən aparatın böyük yük bölməsi eyni zamanda bir neçə optik modul ilə təchiz oluna bilər.

Aparatın istehsalı ilə müxtəlif ixtisaslar üzrə xüsusi təlim-tədris kursu keçmiş milli kadrlar məşğul olurlar. Xüsusi test yoxlamalarından sonra pilotsuz uçuş aparatları Silahlı Qüvvələrin istifadəsinə verilir.

Taktiki-texniki xüsusiyyətləri:

Havaya qalxma sürəti: 304 m/dəq

Maksimum sürəti: 203 km/saat

Kreyser sürəti: 114 km/saat

Enmə sürəti: 90 km/saat

Fəaliyyət uzaqlığı: 200 km

Havada maksimum qalma müddəti: 12 saat

Qanadlar arası məsafə: 8.7 m

Uzunluğu: 4.5m

Eni: 1.2 m

Çəkisi: 230 kq

Faydlı yükü: 50 kq

“Aerostar” kompleksinin idarə edilməsi üçün üç ekipaj üzvü tələb olunur: komandir, operator və tuşlayıcı.

Aparatın 250000 saat istifadəsinə zəmanət verilir.

PUA ilə əlaqə 250 km-ə qədər görünüş məsafəsində məlumat ötürülmə kanalı vasitəsilə təmin olunur.

“Aerostar” etibarlı mühərrikə, avtomatik identifikasiya, təyyarə və gəmilərin tanınma sistemi, ultraqısa dalğalı radiostansiya, UMAS tipli uçuşun rəqəmsal idarəetmə sistemi, istiqamətləndirilən anten, çoxkanallı məlumat ötürmə kanalları və s. kimi müasir sistemlərə sahibdir. Elektron-optik kamera və infraqırmızı sensorlar real zamanda döyüş sahəsinin görüntülərini çəkmək üçün gövdənin ortasında quraşdırılıb. İdarəetmə Sisteminin (RPCS) modulu əmrləri alır və aparatı onlara uyğun idarə edir.

Aparat əlavə olaraq SAR radiolokasiya siqnallarının sintez stansiyası, ağıllı siqnal (SIGINT) və kəşfiyyat kommunikasiya (COMINT) avadanlıqları ilə təchiz olunub. “Aerostar” 38 kVt çıxış gücünü yarada biləcək bir ədəd ikitaktlı “Zanzottera 498i” mühərrikilə təchiz edilir. Mühərrik uzun müddət ərzində maksimum gücdə işləməyə imkan verən yüksəklik və temperatur dalğalanmalarını tənzimləmək üçün elektron yanacaq püskürmə injektoru ilə tandemdə çalışır.

GCS yerüstü idarəetmə stansiyası da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrindən birində hazırlanır. Həm hərbi, həm də mülki sahədə istifadəyə yararlı olan “Aerostar” aparatları məlumatların əldə edilməsini, emalını, saxlanmasını və monitorinqini real vaxt rejimində həyata keçirirlər.


“An-2”

(PUA-ya çevrilmiş təyyarələr)

An-2, “Kukuruznik” - sovet istehsalı olan çoxməqsədli kiçik təyyarədir. Daha dəqiqi, naqillə möhkəmləndirilmiş qanadlara sahib birmühərrikli biplandır. A.D.Şvetsov tərəfindən inkişaf etdirilmiş AŞ-62İR mühərrikilə təchiz olunub.

“An-2”dən kənd təsərrüfatı, idman, nəqliyyat, təlim, sərnişin təyyarəsi kimi istifadə edilir və bir sıra ölkələrin hava qüvvələrinin silahlanmasında yer alır. Bir çox “An-2” təyyarəsi 40 ildən çoxdur uçur və onlardan bəzilərinin uçuş müddəti 20 min saata çatır.

Azərbaycan Vətən Müharibəsi zamanı “Antonov” An-2 pistonlu yüngül təyyarələrini pilotsuz uçuş aparatına çevirdi. Münaqişə zamanı onlardan dəfələrlə Ermənistanın hava hücumundan müdafiə vasitələrinin yerini aşkarlamaq üçün “yem” kimi istifadə edilib, həmçinin silah-sursatla dolu kamikadze tapşırıqlarına göndərilib. “An-2” təyyarəsini görən ermənilər zenit silahı ilə ona atəş açır, bununla da HHM mövqelərinin yerini bildirmiş olurdular.

Beləcə, Azərbaycan dünyaya “An-2” kimi köhnə avadanlıqların da dəyişdirilə və müasir müharibələrdə səmərəli istifadə edilə biləcəyini göstərdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.