Artilleriya sistemləri

“Polonez” Reaktiv Yaylım Atəşi Sistemi

Taktiki-texniki xüsusiyyətləri:

Ağırlığı: 24000 kq

Şose sürəti: 70 km/saat

Uzunluğu: 12.7 metr

Eni: 3 metr

Ekipaj: 4 nəfər

Diametr: 300 mm

İstehsal illəri: 2014 – davam edir

Raket sayı: 8

Atış məsafəsi: 280 km

Raketin çapı: 300 mm

Raketin çəkisi: 480 kq

Sapma məsafəsi: Maksimum 30 metr

Təsnifatına görə bu sistem operativ-taktiki raket sistemi deyil, uzaqmənzilli Reaktiv Yaylım Atəşi Sistemidir. “Polonez” Çin Hərbi sənaye kompleksinin “Birinci Akademiya” adı ilə tanınan CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin buraxıcı qurğu üzərində konteynerlərdə yerləşmiş 301 millimetr kalibrli А-200 (raket dairəvi və yer bucağı üzrə hərəkət edən paket üzərində yerləşdirilib) dördoxlu 8х8 formullu, МZKT-7930 “Astroloq” (25 tona qədər yükgötürmə qabiliyyətli) yüksək keçim qabiliyyətli şassilərinə yerləşdirilib. OTRK bazası qismində Belarusun МZKT zavodunun 7930 markalı daşıyıcısı çıxış edir.

“Polonez” sisteminin kaset tipli raket blokunda 8 aparıcı mövcuddur. Sistemin 301 mm-lik (bu raketlər Rusiya istehsalı RYAS “Smerç”in kalibridir) M 20 raketlərinin hər birinin uzunluğu 7264 mm, sabitləşdirici pərlərinin açılış eni 615 mm, çəkisi isə 750 kq-dır. Döyüş başlığının çəkisi 150 kiloqrama qədərdir. Döyüş hissəsi 3 növdə ola bilər.

Zərbə radiusu 100-300 km-ə çatır.

6 “Polonez”dən ibarət bir batareya eyni anda 48 hədəfi və ya 100 kv.km ərazini atəşlə örtür. Raketlərin hədəfdən ehtimal olunan dairəvi yayınma məsafəsi 30 metrdən çox deyil, bu isə RYAS üçün ideal göstəricidir. Bu, o deməkdir ki, bir “Polonez” düşmənin taktiki dərinliyində 50 saniyə ərzində istənilən 8 kritik hədəfi ayrı-ayrılıqda məhv etmək qabiliyyətindədir. Doldurma, sözügedən kasetlərin dəyişdirilməsindən ibarətdir və qısa zaman ərzində diviziona xüsusi maşın vasitəsilə aparılır.

“Polonez”də istifadə olunan yeni yüksək dəqiqlikli M20 raketləri bu RYAS-ın yeni OTRK keyfiyyətinə keçməsi ilə nəticələnib. Bunun səbəbi isə M 20 raketlərində kombinə edilmiş ətalət və peyk idarəetmə sisteminin tətbiqi ilə bağlıdır. Bu sistemin tətbiqi atəş məsafəsinin 280-300 km-ə qədər artmasına yardımçı olub. 480 kq. başlığın zərbə gücü 560 kq trinitrotoluolun (TNT) ekvivalentinə bərabərdir.

Kombinə olunmuş idarəetmə sisteminə (peyk naviqasiya siqnalları ilə korreksiya olunan inersial yönəltmə sistemi) malik ayrılan döyüş başlığı üçtipli partlayıcı ilə təhciz olunur. Kvaziballistik trayektoriya ilə uçan bütün mərmilər kimi, bu mərmilərdə də tətbiq olunan inersial naviqasiya sisteminin dəqiqliyi şərti olur. Bu məqsədlə inersial sistemə kömək olaraq GPS (“Polonez” və “İsgəndər”də isə GLONASS) naviqasiya sistemləri əlavə edilir.


BM-30 “Smerç” Reaktiv Yaylım Atəşi Sistemi

Taktiki-Texniki Xüsusiyyətləri:

Atəş məsafəsi:

Minimum - 20 km

Maksimum - 90 km

Çapı - 300 mm

Lülələrin sayı - 12 ədəd

Tam yaylım atəşi üçün sərf edilən zaman - 38 san

Yükləmə nəqliyyatındakı raket sayı - 12 ədəd

Mərminin çəkisi (növə görə) - 800-815 kq

Döyüş maşınının şassi tipi:

9A52-2 - MAZ-543M

9A52-2T – TATRA

9A52-4 – KAMAZ

“Smerç” sistemlərinin layihələndirilməsi və istehsalı ilə Rusiyanın “Splav” Elmi-İstehsalat Birliyi Səhmdar Cəmiyyəti (EİB SC) məşğul olub. Bu müəssisə tərəfindən indiyə qədər yaradılan 10-dan çox RYAS və 50-dən çox reaktiv mərmi növü bir çox ölkələrin silahlanmasına qəbul edilib.

“Splav” şirkətinin “Katyuşa” ilə başlayan ilk addımları sonradan 122 mm “Qrad”, 300 mm “Smerç” kimi reaktiv sistemlərin, həmçinin torpedo əleyhinə “Udav-1M” gəmi kompleksinin, RPK-8 qayıq əleyhinə kompleksin, TOS-1A odsaçan kompleksinin və s. istehsalı ilə davam etdi. “Splav” EİB SC istehsal etdikləri 122 və 300 mm-lik reaktiv sistemləri və onların müxtəlif təyinatlı mərmilərini, odsaçan üçün termobarik mərmiləri, idarəolunmayan aviasiya raketlərini, gəmi odsaçan kompleksini, dərinlik üçün reaktiv mərmiləri, hidroakustik maneə mərmisini, diversant və torpedolardan mühafizə olunmaq üçün kompleksi və onun raketlərini müştərilərə təqdim edir.

Şirkətin istehsal etdiyi “Smerç” RYAS uzaq məsafələrdən düşmənin açıq və qapalı ərazilərdəki canlı qüvvəsini, qrup hədəflərini, motoatıcı və tank bölmələrinin zirehsiz, yüngül zirehli və zirehli vasitələrini, artilleriya qurğularını, taktiki raketlərini, zenit raket komplekslərini, dayanacaqlarda yerləşən helikopterlərini, komanda məntəqələrini, rabitə qovşaqlarını və hərbi-sənaye kompleksinin obyektlərini məhv etmək üçün nəzərdə tutulub.

1969-1976-ci illərdə layihələndirilən, 1982-cı ildə sınaqları uğurla keçirilən və 1987-ci ildə silahlanmaya qəbul edilən “Smerç” RYAS-ın üzərində onun taktiki imkanlarını artıran prinsipial yeniliklər edilib. Bu da öz növbəsində silahdan atəşin dağınıq olmasının, yəni geniş radiusda hədəfdən yayınmanın qarşısının alınmasına və dəqiqliyin 2-3 dəfə yuksəlməsinə səbəb olub.

“Smerç” 300 mm kalibrə malik raketlərlə 70-90 km məsafəyə qədər olan hədəflərə yüksək dəqiqliklə yaylım atəşi açaraq, 38 saniyə ərzində döyüş komplektini tam işlədir, bir dəqiqədən az muddətdə isə atəş mövqeyini tərk edə bilir.

Ön xətdən xeyli arxada yerləşməklə, müdafiənin dərinliyindən dəqiq atəş açması, 67 hektar ərazini bir yaylim atəşi ilə örtməsi, operativ şəkildə atəş mövqeyini tərk etməsi “Smerç”in əsas üstün xususiyyətlərindən hesab edilir.

“Smerç”i atəşə hazırlamaq və atəşi idarə etmək üçün onun dəstində aşağıdakı maşın və komplekslər yer alır:

- “Slepok-1” (9S729M1) atəşin avtomatik idarəetmə kompleksi;

- MP32M1 komanda-qərargah maşını;

- 1T12-2M topoqrafik çəkiliş maşını;

- RPMK-1 (1B44) radiopelenq və meteorologiya kompleksi.


T-122 “Sakarya”

T-122 Sakarya Türkiyənin “Roketsan” şirkəti tərəfindən yaradılmış 122 mm kalibri reaktiv yaylım atəş sistemidir. Üstün dağıdıcılıq xarakterinə malik bu raketlərdən nöqtə və sahə hədəflərinə qarşı istifadə olunur.

Taktiki-Texniki Xüsusiyyətləri:

Uzunluğu: 9.2 metr

Eni: 2.50 metr

Hündürlüyü: 3.1 metr

Lülə sayı: 2x20

Lülənun uzunluğu: 3 m

Lülənin diametri: 122 mm

Yüksüz çəkisi: 19,5 ton

40 Raket yüklü ağırlığı: 22.5 ton

Doldurulma: 5 dəqiqə

Məhvetmə radiusu: 500x500 m

Atəş məsafəsi: 40 km-ə qədər

Daşıyıcı vasitə: 6x6 təkərli MAN Dfaex yük maşını

NATO Fond nömrəsi: 1055 27 004 6756

Heyət sayı: Normalda 5, təcili vəziyyətlərdə 3 nəfər

Maşında 2x20 raket daşıyan buraxıcı olur. Bu mərmilərin hamısını 80 saniyədə hədəfə yollayır və 500 kvadratmetrlik sahəni örtür.

Atmosfer şərtlərinin yaratdığı mənfi təsirlərə qarşı xüsusi olaraq hazırlanan izolyasiya podları 20 balondan ibarətdir. Raketlər balonlara fabrik səviyyəsində yüklənir.

122 mm-lik raketlərin uçuş trayektoriyası xüsusi simuyasiya proqramı ilə hesablanır. Raketlər tək-tək və ya 2 saniyəlik fasilə ilə yayım atəşi kimi atılırlar. 20 hədəfin koordinatını yaddaşında saxlayır.

Atış vəzifəsini tək başına və ya altı reaktiv atəş sistemindən ibarət olan batareya halında yetirir.


T-300 “Qasırğa”

Türkiyə Müdafiə Sənayesinin “Roketsan” şirkətinin T-300 “Qasırğa” reaktiv yaylım atəşi sistemi 100 km-dən uzaq məsafədə düşmən hədəflərini məhv etmək qabiliyyətinə malikdir. 8x8 formullu taktiki təkərli yük maşını şassisi üzərinə quraşdırılan 4 lüləli (iki paketin hər birində iki lülə) “Qasırğa” sisteminin tam döyüş vəziyyətində kütləsi 23 tondur. RYAS-ın uzunluğu 9.20 m, eni 2.50 m, hündürlüyü isə 3.10 metrdir.

Onun raketləri hava və ətraf mühit şəraitindən asılı olmayaraq, yüksək qorunmanı təmin edən sabit polad platfomalı konteynerdən buraxılır. Raketlər qatı kompozit yanacaq texnologiyasına sahibdir, asan və daha sürətli təkrar doldurulma və atəş açma imkanları ilə təmin edilir.

“Qasırğa” sisteminin üzərində 4 ədəd TR-300 raketinə malik F-302T Atıcı Qurğusu yerləşdirilib. GPS və İNS naviqasiyasına malik bu raketin dəqiqliyi maksimum məsafədə 30 metr təşkil edir. TR-300 raketlərinin “E” və ya “S” versiyalarının çapı 300-302 mm, uzunluğu 4.75-5.24 metr, kütləsi isə isə 525-590 kiloqram arasında dəyişir.

Bu raketlərin 150 kq. kütləyə malik döyüş başlığı düşmənin istehkam qurğularının, rabitə qovşaqlarının, zirehli və zirehsiz maşınlarının, hərbi obyektlərinin, canlı qüvvəsinin və s. hədəflərinin məhv edilməsini təmin edən 26000 polad kürələrdən ibarətdir.

İstənilən hava şəraitinə və digər ətraf mühit şərtlərinə qarşı olduqca davamlı olan T-300 “Qasırğa” sisteminin döyüş sursatlarının yüklənməsi krana malik xüsusi vasitə ilə həyata keçirildiyinə görə, heyətin üzərinə düşən fiziki yük minimuma qədər azalır.

Raketin fırlanmasını təmin etmək üçün uzunluq oxu istiqamətində bucaq altında 4 ədəd sabitləşdirici quraşdırılıb.

Atıcı qurğunun atəş üçün hazırlanmasına 20 dəqiqədən az vaxt tələb olunur.

RYAS-ın MAN şassisi üzərindəki standart versiyasında maşının kabinəsinin üzərində pulemyot və ya 40 mm-lik avtomatik qumbaraatan quraşdırıla bilər.

T-300 bir yaylım atəşi ilə 4 ədəd 300 mm raketi buraxmaq qabiliyyətinə malikdir.

Bir neçə sursat növündən istifadə edə bilən T-300 sisteminin F-302T atıcı qurğusuna yerinə yetiriləcək vəzifələrə görə müvafiq tipli raketlər yüklənə bilər.

T-300 RYAS-ları yaxın döyüş zonasından düşmən müdafiəsinin uzaq dərinliyinə qədər kritik hədəflərə dəqiq və vaxtında zərbə endirə bilir.

Batareyalar atıcı qurğulardan başqa, komanda idarəetmə məntəqəsi, sursat, meteorologiya və təmir-bərpa vasitələrilə təchiz edilir. Komanda idarəetmə məntəqəsinin silahlara nəzarət sistemi T-300 batareyasını digər müasir artilleriya sistemləri və döyüşü idarəetmə məntəqələrilə inteqrasiya etməyə imkan verən infrastruktura və interfeysə malikdir.

T-300 sistemi xüsusi hədəf aşkarlama RLS-ləri və müxtəlif tipli PUA-larla birlikdə fəaliyyət göstərə bilir.


T-107

“Roketsan” şirkətinin istehsalı olan 107 mm çaplı reaktiv yaylım atəş sistemləri hazırda Türkiyə, Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri daxil olmaqla, çox sayda ölkənin silahlanmasında yer alır. “T-107” adlı reaktiv yaylım atəşi sistemləri asanlıqla sökülüb-yığıla və daşına bilir. Əsasən dağlıq ərazidə işlədilmək və xüsusi təyinatlı birliklər üçün nəzərdə tutulur. Bu sistemlər eyni zamanda kiçik və manevrli maşınların üzərində (T-107M) qurula bilir.

Əmr verildikdə T-107 qısa müddətə təyin olunmuş əraziyə çıxarılır, düşmənin mövqelərinə atəş zərbəsi endirilir və atışdan sonra qısa müddətdə mövqeyi dəyişdirilir.

T-107 kiçik olduğu qədər manevrlidir. Sistem maşınların üzərində, yedəyində, habelə helikopter asmasında daşına, əraziyə paraşütlə atıla bilir.

ROKETSAN istehsalı olan 107 mm-lik reaktiv yaylım atəş sistemlərinin atəşinin idarə edilməsi mini əl kompüterinin üzərindən həyata keçirilir. 12 lüləli T-107-nin boş halda çəkisi 385 kiloqramdır. T-107-lərdə raket buraxılışı 0.5-0.9 saniyə intervalladır.

RYAS elə “Roketsan”ın istehsalı olan TR-107 raketlərilə atəş açır. TR-107 raketlərinin atış mənzili 11 km təşkil edir ki, bu da MDB məkanında geniş yayılmış Rusiya və Ukrayna istehsalı olan raketlərin atış mənzilindən 3-4 km çoxdur.

TR-107 raketləri atış mənzilinə, dəqiqliyinə və dağıdıcı gücünə görə öz sinfində ən mükəmməl və dünyada qəbul edilən raketlərdən hesab olunur. Az tüstülü kompozit yanacaqla təmin olunublar. Qəlpə-fuqas döyüş başlığına sahib olan bu raket uzaq məsafədəki kiçik hədəflərə qarşı da effektiv tətbiq oluna bilir. Raketin ağırlığı 19.5 kq, döyüş başlığı 8.4 kq, döyüş başlığının dağıdıcı radiusu isə 14 metrdir.


LAR-160: “DOLU-1”, “LEYSAN”, “ŞİMŞƏK”  

“Israel Military Industries”(IMI) konserni dünya miqyasında yüksək texnologiyalı müdafiə məhsullarının aparıcı təchizatçısı kimi qəbul edilib. Onun istehsal etdiyi

“Lynx” RYAS-ları Ordumuzun silahlanmasında xüsusi əhəmiyyətə malikdir. Bu silah sistemlərinin hər biri Azərbaycan Silahlı Qüvvələrində yerli təyinat altında istismar edilir. O, müxtəlif artilleriya və taktiki raketlərinin buraxılması üçün nəzərdə tutulan avtonom və universal modula malik çoxməqsədli reaktiv yaylım atəşi sistemidir.

RYAS-ın reaktiv sursatlarında praktik olaraq təpmə qüvvəsi olmayan reaktiv mühərriklərdən istifadə edilir, bu isə onların kifayət qədər sadə və kompakt atıcı qurğulara malik olmasına şərait yaradır.

Atıcı qurğuları özüyeriyən (təkərli və tırtıllı) və yedəkli şassilərə, təyyarələrə, helikopterlərə və gəmilərə quraşdırıla bilər.

“Lynx” RYAS-ın standart təchizatına aşağıdakılar daxildir:

- müasir tuşlanma sistemi (ANN)

- qabaqçıl FCS

- İNS

- Meteorologiya sistemi

- İlkin müşahidə

- Hava kəşfiyyatı

- C4I (şəbəkə əməliyyatları üçün)

“Lynx” iqtisadi cəhətdən çox sərfəli yaylım atəşli reaktiv sistemdir, ondan 122 mm-dən 300 mm-ə qədər çapa malik müxtəlif təyinatlı “Qrad”, LAR, ACCULAR, MLRS-TCS, “Extra” daxil olmaqla 5 tip raketdən, o cümlədən bəzi qanadlı raketlərdən atəş açmaq mümkündür. Raketlərin çapına görə sistemin üzərindəki paketin konteyner sayı dəyişir. Raketlərin vəzifələrinə görə daşıdığı döyüş başlığının tərkibi dəyişə bilər. Onlar qəlpəli, yandırıcı, işıqlandırıcı, tüstü, fuqas və ya tank əleyhinə elementlərə malik döyüş başlıqları ilə təchiz edilə bilər.

“Lynx” şassisi yüksək dəqiqlikli, qanadlı “Delilah-GL” raketlərinin, eləcə də 280 km maksimum atəş məsafəsinə sahib LORA və digər operativ taktiki raketlərin buraxılması üçün atıcı qurğu kimi də istifadə edilə bilər.

RYAS-ın sursatları birdəfəlik hermetik qapalı paket-konteynerlərə fabrikdə yüklənir, onlar nəqliyyat konteyneri və atıcı qurğu kimi istifadə edilir. Atəş operator tərəfindən kabindən və ya uzaqdan həyata keçirilə bilər. Mobil “Lynx” atıcı qurğusuna kranla təchiz edilən yükləmə vasitəsi ilə xidmət göstərilir. Düşmən atəşindən yayınmaq üçün konteynerlərin maşına yüklənməsi atəş mövqeyindən kifayət qədər aralıda həyata keçirilir.

Yüksək keçicilik və hərəkətlilik imkanları avtomobilə mövqeyini qısa bir zamanda dəyişdirməsinə və batareyanın atəş altında olma riskini minimuma endirməsinə şərait yaradır. Səfər vəziyyətindən bir neçə dəqiqə sonra YARS atəş mövqeyində təkrar yerləşərək atəş açmağa hazır olur.

“Lynx” RYAS müasir ətalətli naviqasiya sistemi ilə bərabər tam müstəqil ballistik hesablama və atəşi idarəetmə funksiyalarına malikdir. Müasir rabitə və kompüter texnologiyası “Lynx” kompleksinə həm avtonom, həm də şəbəkə mərkəzli dövrələrin elementi kimi fəaliyyət göstərməyə imkan verir.

Azərbaycan bu silah sistemlərinin “Dolu-1”, “Leysan” və “Şimşək” adlandırılan 3 versiyasını əldə edib. Azərbaycan tərəfinin istəyilə raketlərin quruluşunda bəzi spesifik dəyişikliklər edildiyi barədə qeyri-rəsmi məlumatlar da mövcuddur.

“Dolu-1”

“Lynx” universal şassisində 40 (2x20) ədədlik paket ilə 122 mm-lik “Qrad” raketlərindən 20-40 km məsafədə atəş açan RYAS Azərbaycanda “Dolu-1” markası altında silahlanmaya qəbul edilib.

“Dolu-1” RYAS-da tətbiq edilən ən sadə raket 2.87 m uzunluğa və 66 kq kütləyə malik 122 mm-lik idarəolunmayan sursatlardır. Onun döyüş başlığı 20 kq-dır. Reaktiv sistem 2 ədəd 20 lüləlik paketinin hər birində yerləşən 20 mərmi ilə (cəmi 40 mərmi) 20-40 km aralığında yerləşən hədəflərə zərbə endirməyə qadirdir. Raketlərin iki atıcı konteyner paketində yerləşdirilməsi əməliyyat zamanı onların yüksək istismar rahatlığını təmin edir. “Dolu-1” 10 dəqiqədən az müddətdə yenidən doldurulur və təkrar atəş mövqeyinə yerləşdirilir.

“Dolu-1” reaktiv sistemi Azərbaycanın Türkiyədən əldə etdiyi 122 mm-lik T-122 “Sakarya” paket-konteynerlərindən də istifadə edərək, atəş aça bilir.

“Leysan”

IMI-nin 45 kq döyüş başlığını 45 km məsafəyə çatdıran 160 mm-lik LAR idarəolunmayan raketlərinə malik RYAS Azərbaycanda “Leysan” adı ilə işlədilir. Hər bir “Leysan” atıcı konteyner paketinə 13 ədəd (cəmi 26 ədəd) LAR raketi daxildir. Yüksək dəqiqlikli, avtomatik idarə olunan raket ətalətli tuşlanma sisteminə, daxili GPS-ə, GTCS trayektoriya nizamlama qurğusuna və sükan idarəetmə dəstinə malikdir. Raket müxtəlif döyüş başlıqları ilə təchiz olunaraq, analoji atıcı qurğulardan buraxıla bilər.

Standart 160 mm-lik raketinin uzunluğu 3.314 metr, kütləsi isə 110 kq-dır. Sərt yanacaqlı raket mühərriki 36 kq kütləyə malikdir. 350 mm diametrə malik açılan quyruq pərləri raketin atıcı konteynerini tərk etdikdən sonra uçuşun sabitləşməsini təmin edir.

Raketin uzun və orta məsafəyə atəşini təmin etmək məqsədilə onun ön hissəsinə spoyler halqaları əlavə edilə bilər. Start zamanı ilkin fırlanma sürəti saniyədə 12 dəfədir və bu sonradan saniyədə 20 dəfəyə qədər artır. Uzunluğu 1.279 metr, kütləsi isə 46 kq olan raketin döyüş başlığı aşağı aerodinamik müqavimətə malikdir. Ehtimal olunan yayınma əmsalı 10 metrdən çox deyil.

“Şimşək”

Quru Qoşunlarının uzaq məsafələrə dəqiq zərbələr endirərkən Hərbi Hava Qüvvələrindən asılılığını azaltmaq üçün İMİ şirkəti 20-150 km atəş məsafəsinə malik “Extra” (Extended Range Artillery) raketlərini hazırlayıb. Həmin raketlə təchiz edilən RYAS Azərbaycanda “Şimşək” adı ilə silahlanmaya qəbul edilib.

“Şimşək” RYAS-ın 306 mm diametrə malik raketi 120 kq döyüş başlığı daşıyır. Burun sükanları ilə idarəolunan raketin hədəfə tuşlanması ANN/GPS sisteminə əsaslanır. “Şimşək” RYAS-ın iki ədəd konteyner paketinin hər birində 4 ədəd (cəmi 8 ədəd) raket yerləşir. Raketin start çəkisi 450 kq, dairəvi ehtimal olunan yayınması isə 10 metrdən azdır.

Raketin ölçüsü ABŞ Ordusu və onların müttəfiqləri tərəfindən istifadə edilən M270 RYAS-da istifadə edilən M26 raketləri ilə çox oxşardır. 4 metr uzunluğa sahib EXTRA raketlərinin diametri ABŞ-ın M26 raketlərindən (227 mm-ə qarşı 300 mm) daha böyükdür.

ACCULAR

RYAS-ın dəqiqliyini artırmaq üçün IMI “ACCULAR” (Accurate LAR) təyinatına malik 122 mm-lik yeni raket versiyasını da hazırlayıb. Yeni LAR raketlərinin artan atəş məsafəsi, dəqiqliyi və aşağı qiyməti idarəedilən 155 mm artilleriya mərmiləri ilə ciddi rəqabət aparmağa qadirdir.

4 metr uzunluğa malik ACCULAR raketi 35 kq. ağırlıqdakı döyüş başlığı və 14-40 km. atəş məsafəsinə malikdir, tuşlama sistemi isə GPS-ə əsaslanır. Rəsmi olaraq maksimum hədəfdən yayınma məsafəsi 10 metrdir, lakin IMI faktiki olaraq yayınmanın 2 ilə 3 metr arasında olduğunu iddia edir. Raket İsrail ordusu və adı açıqlanmayan xarici alıcı tərəfindən silahlanmaya qəbul edilib.

Bu sursatlara malik YARS şassisinin iki konteyner paketinin hər birində 11 ədəd (cəmi 22 ədəd) raket yerləşdirilir. Raketin idarə edilməsi və uçuşu korpusda yerləşdirilmiş kompüter tərəfindən həyata keçirilir.

Reaktiv tuşlama dəsti hədəfi dəqiq məhv etmək üçün trayektoriyanın nizamlanmasına imkan verir. Bu raketlər hədəflərin fuqas və unitar döyüş başlıqları ilə dəqiq hədəfə alınması üçün qənaətli və effektiv seçim hesab edilir.

 

BM-21 “Qrad”

Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. “Katyuşa”nın bazasında yaradılmış bu sistem “Ural-375” və ya “Ural-4320” avtomobillərinin üzərində quraşdırılır. “Qrad-1” (9K55) sistemi 9P138 əsasında mövcud olan “Qrad”ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem “M1964” adı ilə tanınır.

Orduda istifadəyə 1963-cü ildən götürülüb. Hədəfi vurma məsafəsi 30 km-dir. Birdəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Sistemdə atəşin avtomatik idarə edilməsi üçün “Vivariy” kompleksi tətbiq edilir.

Taktiki-Texniki Xüsusiyyətləri:

İstehsalçı: SSRİ/Rusiya

Lülənin diametri: 122 mm

Lülə sayı: 40 ədəd

Doldurulma: 7 dəqiqə

Məhvetmə radiusu: 145.000 m²

Atış müddəti: 20 saniyə

Atəş məsafəsi: 42 km


RM-70 “Vampir”

Çexiyanın istehsal etdiyi “Vampir”lər səkkizoxlu, zirehli “Tatra”T-818 (8x8) şassisi üzərində quraşdırılıb. Bu şassi yüksək sürət qabiliyyətinə və dolu yanacaq çənlərilə dayanmadan 1000 kilometrə qədər məsafə qət etmək imkanına malikdir. Düz yerdə 85km/saat, qrunt yolda isə 35km/saat sürətlə hərəkət edir.

Taktiki-Texniki Xüsusiyyətləri:

Döyüş vəziyyətinə gətirilməsi vaxtı: 2.5 dəqiqə

Yaylım atəşi: 20 saniyə

Yerdəyişmə: 3 dəqiqə

Məhvetmə radiusu: 3.5 hektar

Bir mərmisinin çəkisi: 66.35 kq

Maksimum atəş məsafəsi: 20.38 km

Hədəfə çatma müddəti: 2.5 dəqiqə

SSRİ istehsalı olan əfsanəvi 122 mm-lik BM-21 “Qrad”ın cəmi 40 raketi varsa, RM-70 “Vampir”lərin əlavə olaraq 40 raket də ehtiyatında mövcuddur. Belə ki, əsas buraxılış konteynerində raketlərin atışı başa çatdıqdan sonra xüsusi hidravlik sistem daha 40 raketi paket halında buraxılış konteynerinə yükləyir və bu proses cəmi 1 dəqiqə vaxt aparır.

Beləliklə, “Vampir” qısa müddət ərzində (3-4 dəqiqə) düşmənə 80 raket zərbəsi endirməyə və eyni zamanda, çevik şəkildə ərazini tərk edərək, düşmənin cavab zərbəsindən yayınmağa qadirdir. Bir komplekti (40 raket) 70 hektar ərazini məhv edir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.