17
Oktyabr

17 Oktyabr

Xarici media

Yaponiyanın JIJI PRESS agentliyi oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması barədə məlumat yayıb.

Həmin məlumatda oktyabrın 17-də gecə saat 1:00 radələrində Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutduğu qeyd olunub. Bildirilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncəyə sayca üçüncü dəhşətli hücum nəticəsində ikisi uşaq olmaqla, 13 nəfər həyatını itirib, 40-dan çoxu isə ağır yaralanıb. Eyni zamanda, mülki infrastruktura ciddi ziyan dəyib.

Məqalədə Azərbaycan tərəfinin bu hücuma cavab verəcəyi barədə məlumat da öz əksini tapıb. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində düşmənə layiqli cavab veriləcəyini bildirib.

Eyni zamanda, Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etmək üçün əməliyyatlarını uğurla davam etdirdiyi barədə fikirlər də məqalədə yer alıb.

Qeyd edilib ki, Rusiya tərəfinin vasitəçiliyi ilə tərəflər arasında oktyabrın 10-da humanitar atəşkəs elan olunsa da, döyüşlər səngimək bilmir.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.