17
Oktyabr

17 Oktyabr

Xarici media

İndoneziyanın ANTARA Dövlət İnformasiya Agentliyi başda olmaqla “akurat.co.id”, “telusur.co.id”, “republika.co.id” kimi saytları və digər KİV-ləri oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı əsasında xəbərlər yayıb.

Həmin xəbərlərdə oktyabrın 17-də gecə saat 1:00 radələrində Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutduğu qeyd olunub. Bildirilib ki, Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum nəticəsində ikisi uşaq olmaqla 13 nəfər həyatını itirib, 40-dan çoxu isə ağır yaralanıb.

Bəyanatda Ermənistan rəhbərliyinin beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq, dinc insanların məqsədli şəkildə hədəfə almasının müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğu, bu cinayətə görə tam məsuliyyət daşıdığı vurğulanıb.

Qeyd edilib ki, Ermənistanın təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalıdır və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı bu qeyri-insani aktlarını pisləməlidir.

Məqalələrdə Ermənistanın Azərbaycanın mülki əhalisini hədəf alan bu mənfur hücumları şiddətlə qınanıb və işğalçı ölkədən müharibə cinayətlərinə son vermək tələb edilib. Bildirilib ki, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistanın siyasi-hərbi rəhbərliyi dinc əhalini raket atəşinə tutmaq barədə verdiyi qərara görə məsuliyyət daşıyır. Azərbaycanın milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsinin təmin ediləcəyi də yazılarda əksini tapıb.

Məlumatlarda, o cümlədən Gəncənin raket atəşinə tutulması və dinc əhalinin hədəf alınmasına dair Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Twitter” hesabındakı paylaşımlara da geniş yer verilib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.