Xarici media
İspaniyanın beynəlxalq münasibətlər və geosiyasi təhlil sahəsində tanınmış araşdırmalar institutlarından biri sayılan “Ediciones Páralo” beyin mərkəzi Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmovdan müsahibə alıb.
Müsahibə zamanı “Ediciones Páralo” beyin mərkəzinin eksperti Koldo Salasar Lopes səfir A.Məhərrəmova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasəti, o cümlədən Ermənistanın növbəti təxribatına Azərbaycanın münasibəti, habelə bu məsələyə beynəlxalq ictimaiyyətin mövqeyi barədə suallar ünvanlayıb.
Sualları cavablandıran səfir Anar Məhərrəmov öncə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumat verərək, Qarabağ ərazisinin tarixi Azərbaycan torpağı olduğunu, ermənilərin bu əraziyə XIX əsrin birinci yarısından etibarən köçürüldüyünü qeyd edib.
Səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edərək, Ermənistan tərəfindən azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmə siyasətinin həyata keçirildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edərək, Azərbaycana qarşı təcavüz aktı törədib. Hərbi təxribatı həyata keçirməkdə Ermənistanın niyyətlərindən biri də iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olan Azərbaycan ərazisindən keçən enerji kəmərlərini, o cümlədən nəqliyyat və kommunikasiya xətlərini təhlükə altına salmağa cəhd etmək olub.
Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atıb. Hərbi təxribat zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilmiş, 8 oktyabr tarixinə olan məlumata əsasən, 31 dinc sakin həyatını itirmiş, 154 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, bir sıra yaşayış və inzibati binalar güclü dağıntılara məruz qalmışdır.
Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.
Vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir.
Bildirilib ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır.
A.Məhərrəmov Ermənistanın bu təxribatının dünyanın bir sıra ölkələri, o cümlədən beynəlxalq və regional təşkilatlar tərəfindən kəskin şəkildə qınandığını diqqətə çatdıraraq, bu baxımdan İspaniya Krallığının hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdiyini, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələrinin işğalından tam şəkildə azad edilməsindən sonra regionda sülh və sabitliyin bərqərar olunacağı diqqətə çatdırılıb.
Səfir bildirib ki, Ermənistan tərəfinin növbəti dəfə təxribata əl ataraq, Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində yerləşən kilsənin guya Azərbaycan Ordusunun döyüş fəaliyyəti nəticəsində zərər çəkməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir. Erməni tərəfinin bu təxribatı Azərbaycanın çoxəsrlik tolerantlıq ənənələrinə kölgə salmaq, üçüncü tərəfləri münaqişəyə cəlb etmək niyyəti daşıyır.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri oktyabrın 4-də Gəncəni atəşə tutarkən şəhərdəki mülki obyektlər, yaşayış binaları, o cümlədən dini memarlıq abidəsi olan İmamzadə kompleksinə ziyan yetirmişlər, bundan fərqli olaraq, Azərbaycan Ordusu tarixi, mədəni, xüsusilə də dini tikililəri və abidələri hədəfə almır. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində vandalizm əməlləri həyata keçirilmiş, tarixi abidələr, məscidlər, qəbiristanlıqlar dağıdılaraq, xarabalığa çevrilib.
Ermənistandan fərqli olaraq, tolerantlıq dəyərlərinə sadiq olan Azərbaycanda bu gün 14 kilsə və 7 sinaqoq mövcuddur, Bakı şəhərinin mərkəzində Erməni kilsəsi fəaliyyət göstərir. Azərbaycanda dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlara eyni münasibətin göstərildiyi, əhalinin dini etiqad azadlığının tam şəkildə təmin olunduğu qeyd olunub.
Sonda “Ediciones Páralo” beyin mərkəzinin eksperti Koldo Salasar Lopes səfir Anar Məhərrəmova Ermənistanın ölkəmizə qarşı hərbi təxribatı ilə bağlı dolğun, ətraflı və həqiqətləri əks etdirən məlumatların “Ediciones Páralo” vasitəsilə ispandilli kütləyə çatdırdığına görə minnətdarlığını bildirib.