Beynəlxalq təşkilatlar
Azərbaycan-Almaniya Forumu Ermənistanın təxribatları ilə bağlı bəyanat yayıb
Azərbaycan-Almaniya Forumu (DAF) Ermənistan tərəfindən törədilən təxribatlar barədə bəyanat yayıb.
Bəyanatda deyilir: “15 ildən artıqdır ki, DAF, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çıxış edir. Bir çox konfranslarda, eləcə də 2013-cü ildən etibarən hər il Alman Parlament Cəmiyyətində “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik” mövzusunda keçirilən simpoziumda Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları ilə bağlı münaqişənin hər an yenidən alovlana biləcəyi barədə Almaniya ictimaiyyətini və siyasi dairələri məlumatlandırmağa çalışırıq. Müxtəlif müzakirə forumlarında israr etmişik ki, münaqişə ilə bağlı danışıqlar substantiv, davamlı və hər şeydən əvvəl Azərbaycan üçün məqbul olan müddət çərçivəsində aparılmalıdır. Çox təəssüf ki, son illərdə bir çox mütəxəssislərdə belə bir təəssürat yaranmışdı ki, beynəlxalq ictimaiyyətin, o cümlədən Azərbaycan və Ermənistan arasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun danışıqlarda nəticələrin əldə edilməsi üçün səyləri zəruri cidd-cəhdlə həyata keçirilməyib. Əksinə, kövrək bir atəşkəslə dondurulan münaqişənin uzun müddətli perspektivdə qızışmayacağı güman edilirdi. Son bir neçə il ərzində bu cür səhv qiymətləndirmə barədə dəfələrlə xəbərdarlıq etmişdik. Hazırkı hadisələrin də göstərdiyi kimi, qiymətləndirmələrimizdə yanılmamışıq. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindəki hazırkı silahlı toqquşmalar böyük narahatlıq doğurur. Münaqişənin eskalasiyasının bütün Cənubi Qafqaz regionunu əhatə etməsi ehtimalı kiçik deyildir. Belə bir dramatik vəziyyətdə tərəfləri sadəcə olaraq sülh danışıqlarına çağırmaq kifayət etmir. Son 25 ildəki danışıqlar açıq şəkildə göstərib ki, mövcud danışıqlar formatı münaqişənin həllinə nail olmaq üçün uyğun gəlmir. Hazırda beynəlxalq hüquq çərçivəsində, eləcə də BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti 4 qətnaməsinə uyğun gələn və Avropa İttifaqının vasitəçiliyi ilə təxirəsalınmaz və aydın həll yanaşmalarına ehtiyac vardır. BMT öz qətnamələrində aydın şəkildə bəyan etmişdir ki, işğal olunmuş ərazilər Azərbaycanın ayrılmaz tərkib hissələridir. İmkan verilə bilməz ki, Azərbaycanın torpaqlarının nəzərəçarpan hissəsi 25 ildən artıq xarici qoşunların işğalı altında qalsın, amma beynəlxalq ictimaiyyət bu beynəlxalq hüquqa zidd vəziyyəti pisləsə də, ona dözməkdə davam etsin”.