09
Oktyabr

9 Oktyabr

Media

Gürcüstanın geniş oxucu kütləsinə malik, nüfuzlu report.ge, sputnik-georgia.ru, 24news.ge, pia.ge, aktual.ge, apsny.ge, dalgatv.ge və digər informasiya portalları Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 9-da xalqa müraciətindən xəbərlər hazırlayaraq oxucuların diqqətinə çatdırıblar.

Gürcüstan KİV-ləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin erməni işğalından azad olunmuş ərazilərlə bağlı bəyanatı, eləcə də mövcud status-kvonun dəyişdirilməsi, Fransa dövlətinin başçısı Emmanuel Makronun yenidən Azərbaycan Prezidentinə zəng etməsi barədə məlumatları, eləcə də Ali Baş Komandanının işğal altında olan torpaqlarımızın azad olunmasının bundan sonra da davam edəcəyi barədə söylədiyi fikirləri Azərbaycan, rus, ingilis və gürcü dillərində oxucuların diqqətinə çatdırıblar.

Qeyd edək ki, gün ərzində Gürcüstan mətbuatında Azərbaycan Prezidentinin xalqa müraciəti, erməni işğalına qarşı mübarizədə rəşadətli Ordumuzun uğurları, eləcə də Ermənistanın Azərbaycanın şəhər və rayonlarının atəşə tutması ilə bağlı Azərbaycan Baş Prokurorluğunun məlumatları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin xarici KİV-lərə müsahibəsi barədə ümumilikdə 30-a yaxın material dərc olunub.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.