09
Oktyabr

9 Oktyabr

Xarici media

İtaliyanın “L'Opinione” qəzetində italyan jurnalist Domeniko Letisiyanın müəllif olduğu “Paşinyanın avtoqolu: Azərbaycana qarşı müharibə” sərlövhəli məqalə dərc edilib.

Məqalədə sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı hücumları ilə başlayan fasiləsiz döyüşlər zamanı ölkəmizin mülki əhalisinin və infrastrukturunun atəşə məruz qaldığı bildirilir. Oktyabrın 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri Gəncəni hədəf alması ilə döyüş səhnəsinin Dağlıq Qarabağ və ətraf 7 rayondan kənara çıxdığına, mülki əhalinin yaşadığı Tərtər, Füzuli və Cəbrayıl rayonlarının atəşə tutulduğuna toxunulur.

Vurğulanır ki, Azərbaycanın mülki əhalisi arasında ölənlər və yaralananlar var, 500-dən çox fərdi ev tamamilə dağıdılıb və ya ciddi ziyan görüb. Müəllif beynəlxalq hüququn hərbi əməliyyatlarda hərbçilərlə mülki vətəndaşlar, hərbi və mülki strukturlar arasında fərqin gözlənilməsini şərtləndirdiyini xatırladaraq Ermənistan tərəfinin buna məhəl qoymadığına diqqət çəkir.

Jurnalist, əslində, bütün bunların Ermənistan tərəfindən qəsdən törədildiyini, təsadüfi xarakter daşımadığını və indiki vəziyyətdə alovlanmış qarşıdurmanın əsas səbəblərini Ermənistanın daxilində axtarmaq lazım olduğunu qeyd edir. Bu zaman müəllif sentyabrın 27-dən əvvəl Ermənistanın daxilində baş verən hadisələrə səyahət edərək, hazırki hərbi əməliyyatların başlanılmasına Ermənistanı vadar edən daxili amilləri İtaliya ictimaiyyətinə çatdırır.

Ermənistan daxilində gərginliyin artmasına səbəb olan amillərlə bağlı ətraflı məlumat verən D.Letisiya toqquşmalardan əvvəl Paşinyan rejiminin mövcud siyasətini qınamaq üçün Ermənistanda daxili müxalifətin birləşməklə bağlı verdiyi qərarı və oktyabrın 8-də paytaxt İrəvanın Azadlıq meydanında hakimiyyətdə köklü dəyişiklər tələbi ilə müxalifətin birlikdə küçələrə çıxmağı planlaşdırdığını yada salır. Eyni zamanda, son aylarda hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin istefaları da daxil olmaqla Ermənistanın hakim rejiminin daxilində dəyişikliklərin baş verdiyini vurğulayır.

Ermənistanın müxalifət partiyalarının döyüşlərdən əvvəl beynəlxalq mediaya yaydığı birgə bəyanata istinad edən müəllif bildirir ki, səhiyyə sahəsindəki tənəzzül, iqtisadi və məşğulluq böhranı ilə üzləşən erməni əhalisinin acınacaqlı vəziyyətinin pandemiya dövründə daha da pisləşməsi müşahidə edilir. Paşinyan rejimi dövründə korrupsiya hallarının daha da yüksəldiyi, hakim komandanın hakimiyyətdən sui-istifadə etməsinə dair şikayətlər və əsaslı sənədlər təqdim edən qeyri-hökumət təşkilatlarının davamlı təzyiqlərə məruz qalması ilə bağlı əsas müxalifət partiyalarının yekdil olması diqqətə çatdırılır. Müəllif məqalədə birləşmiş müxalif partiyalarının beynəlxalq mediaya təqdim etdikləri bəyanatdan bu fikirləri qeyd edir: “Son iki ildə vətəndaşların gözləntiləri boşa çıxıb. Biz çətin bir dövr yaşayırıq. Dövlət qurumlarının elan edilmiş bütün siyasi vədləri uğursuzluğa məruz qalıb və həyata keçirilməyib. Ölkənin inkişafı təhlükə altındadır. Müasir dövrün çağırışlarına cavab verməkdə səriştəsizlik nümayiş etdirmiş hakim qüvvə problemləri idarə və həll etmək iqtidarında olmamaqla səciyyələnir. Qeyd edilən səbəblərdən müxalifət partiyaları ölkədə yeni hakim sinif və yeni icra hakimiyyətinin formalaşmasının qaçılmaz olduğuna inanırlar”.

Eyni zamanda, məqalədə xatırladılır ki, 2018-ci ildə “məxməri inqilab” əməliyyatı nəticəsində hakimiyyətə gələn Nikol Paşinyandan xalqın ölkədə hökm sürən dözülməz korrupsiya və insan haqları pozuntularına son qoymaq, demokratiyaya, iqtisadi və sosial inkişafa nail olmaqla bağlı gözləntiləri var idi. Paşinyan da öz növbəsində xalqa ölkədəki bütün haqsızlıqları tez bir zamanda aradan qaldıracağını, Ermənistanda qanunun aliliyi və sosial-iqtisadi cənnət yaradacağını vəd etmişdi.

İtaliyalı jurnalist Paşinyan rejiminin atdığı addımların xalqın ümidlərini tamamilə sarsıtdığını, son aylarda “demokratik” Ermənistanın daxili qarşıdurmalar ocağına çevrildiyini və iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi toqquşmalar başlamazdan əvvəl Ermənistanda hüquq-mühafizə orqanlarının yüksək vəzifəli məmurlarının ardıcıl istefaya göndərildiyini yada salır.

Ermənistanda kütləvi insan haqları pozuntuları, hakimlərin təzyiqi və şantajı, jurnalistlərin, müxalifət fəallarının və həbsdə olan siyasi rəqiblərin həbslərinin qeydə alındığı bildirilir. Erməni jurnalist və siyasətçi Mher Yegiyazaryanın 2019-cu ilin yanvarında keçirdiyi aclıq aksiyasından sonra həbsxanada öldüyünə, sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyana qarşı cinayət işinin açıldığına, Köçəryanın hətta həbs olunaraq bir neçə ay həbsdə qaldığına və sonra sərbəst buraxıldığına, eyni zamanda, parlamentin bir çox üzvünün toxunulmazlığına baxmayaraq, nəzarətə alındığına diqqət çəkilir.

Paşinyanın qeyri-qanuni qərarlar çıxarmaqla bağlı təzyiqlərinə qaşı çıxan Konstitusiya məhkəməsinin sədrinin və digər üzvlərinin səlahiyyətləri ilə bağlı Konstitusiyaya şübhəli dəyişiklik edildiyi vurğulanır. Həmçinin Paşinyanın pandemiyadan istifadə edərək bu dəyişiklikləri öz nəzarəti altında olduğu parlamentdə etdiyi, əslində, bunun referendum vasitəsilə həyata keçirilməli olduğu bildirilir.

Məqalədə Paşinyan və onun həyat yoldaşının qanunsuz hərəkətlərinin bununla məhdudlaşmadığına diqqət çəkən müəllif, eyni zamanda, hakim ailənin qanunsuz ticarət fəaliyyəti, o cümlədən beynəlxalq səviyyədə metal, almaz, silah, tütün alveri ilə məşğul olduğu barədə məlumat verir. Ermənistan hakim rejiminin milli təhlükəsizlik, hüquq-mühafizə orqanları və bəzi media orqanlarının təzyiqi ilə “leqallaşdırılmış qəsb sistemi” tətbiq etdiyi, iş adamlarının Paşinyan və onun həyat yoldaşına “vergi” ödəməyə məcbur edildiyi bildirilir.

Jurnalist cəbhə xəttində gərginliyin artmasının Paşinyana hansı səbəbdən sərf etdiyini aşağıdakı fikirlərlə izah edir: “Bütün bunlar keçmiş hərbi cinayətkar xuntanı devirən Paşinyanın xalqın demokratiya ümidlərinə cavab olaraq ölkədə inqilabi diktatura qurduğunu göstərir. Dağlıq Qarabağ problemi isə Paşinyan və həyat yoldaşının əlində ittihamlardan diqqəti yayındırmaq üçün əsas vasitəyə çevrilib”.

Məqalədə qeyd olunur ki, Paşinyan və həyat yoldaşı qanunsuz hərəkətlərdə günahlandırıldıqda, onlar tərəfindən Dağlıq Qarabağ məsələsi ilə bağlı təxribat xarakterli bəyanatlar və hərəkətlər daha da artır. Belə ki, Paşinyanın danışıqlar formatını Dağlıq Qarabağ ermənilərinin iştirakı ilə dəyişdirmək cəhdləri, oğlunu Azərbaycanın işğal olunmuş ərazilərində hərbi xidmətə göndərməsi, “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, iyulun 12-də Ermənistan-Azərbaycan dövlət sərhədində hərbi əməliyyatlar həyata keçirməsi, Anna Akopyanın Dağlıq Qarabağdakı qadınlarla döyüş və atış hazırlığı kurslarında iştirakı da deyilən məqsədlərə xidmət edir.

“Sentyabrın 27-də Azərbaycana edilən hücum bu uzun zəncirdə yalnız son halqadır, lakin Azərbaycanın əldə etdiyi hərbi uğurlar Paşinyanın hakimiyyətinin sonunun yaxınlaşması ehtimalından xəbər verir. Digər tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi BMT Baş Assambleyanın 75-ci iclası çərçivəsində qurumun 75-ci ildönümü münasibətilə keçirilən Yüksək Səviyyəli İclasda videoformatda çıxışında Paşinyanın son addımlarına münasibətdə BMT kürsüsündən bunları bəyan edib: “Ermənistanın təcavüzkar ritorikası və təxribatları göstərir ki, bu ölkə Azərbaycana qarşı yeni bir təcavüzə hazırlaşır”. Hazırda baş verənlər bu fikirlərin təsdiqidir”, - deyə müəllif məqaləni tamamlayır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.