Media
Vyetnamın aparıcı media qurumlarından olan “Voice of Vietnam” (VOV News) xəbər agentliyinin saytında Prezident İlham Əliyevin “Əl-Ərəbiyə” telekanalına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi müsahibəyə istinadla məqalə dərc olunub.
Məqalədə Azərbaycan Prezidentinin fransalı həmkarı Emmanuel Makronla telefon danışığına toxunulub. Bildirilib ki, həmin söhbət zamanı Fransa Prezidentinin Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri ilə hərbi qarşıdurmada Azərbaycan tərəfində müharibəyə qoşulmaq üçün Suriyadan Türkiyə ərazisi ilə gələn xarici döyüşçülər barədə sorğu edib. Yazıda müsahibəyə istinadla qeyd edilir ki, Azərbaycan Prezidenti irəli sürülən ittihamı qəti şəkildə rədd edib və bununla əlaqədar Fransa Prezidentinə etirazını bildirərək, ondan bu iddianı təsdiqləyən sübutları təqdim etməyi xahiş edib.
“VOV News” Prezident İlham Əliyevə istinadən bildirir ki, Fransa indiyədək Azərbaycan tərəfinə bu ittihamı təsdiqləyən heç bir sübut təqdim etməyib.
Məqalədə Azərbaycan Prezidentinin mövzu ilə əlaqədar “Əl-Ərəbiyə” kanalına müsahibəsindəki “Azərbaycan torpağında əcnəbi döyüşçülər yoxdur. Buna heç ehtiyac da yoxdur. Bizim ordumuz demək olar ki, yüz min nəfərdən ibarətdir” fikrinə də yer verilib.
Xəbərdə, həmçinin qeyd edilir ki, Prezident Əliyev bununla kifayətlənmir və Türkiyənin “F-16” təyyarəsinin Ermənistanın “SU-25” təyyarəsini vurması barədə ittihamı təkzib edərək, bu hadisənin baş verməsi ilə bağlı heç bir sübutun olmadığını və bununla bağlı günahlandıranlardan əsassız iddialara görə Azərbaycan tərəfindən üzr istəməsini tələb edib”.