17
Oktyabr

17 Oktyabr

Xarici media

Özbəkistanın “human.uz”, “daryo.uz”, “kun.uz”, “tarjuman.uz” və ”xabar.uz” portallarında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq siyasəti haqqında materiallar verilib.

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixindən söz açılır. İşğalçı qüvvələrin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyi, bu sənədlərin hələ də kağız üzərində qaldığı diqqətə çatdırılır.

Portallar yazır ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərini, Ağdam, Bərdə Tərtər və digər rayonları, o cümlədən kəndləri raket atəşinə tutmaqda davam edir. Bu da 1949-cu ildə imzalanmış Cenevrə Konvensiyasına və mülki əhalinin atəşə tutulması ilə bağlı digər konvensiyalara ziddir.

Saytlar bildirir ki, Ermənistan tərəfdən Gəncənin növbəti dəfə raket atəşinə tutulması nəticəsində 13 dinc sakin ölüb, 50-dən çox adam yaralanıb, şəhərə külli miqdarda ziyan dəyib

“tarjuman.uz” və ”xabar.uz” saytları da cəbhə xəttindən 100 kilometr uzaqda olan Gəncə və Mingəçevir şəhərlərinin raket atəşinə tutulmasını hərbi cinayət adlandırır, vurğulanır ki, bu şəhərlərə atəş açmaq əmri verənlər hərbi cinayətkar kimi ittiham olunmalıdır.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.