Media
Ermənistanın Azərbaycana qarşı son təxribatları nəticəsində Dağlıq Qarabağda yaranan qarşıdurma Yaponiya KİV-lərinin də diqqət mərkəzindədir.
Yaponiyanın nüfuzlu telekanalları, tanınmış informasiya agentlikləri, geniş oxucu auditoriyasına malik olan qəzetləri hər gün cəbhədə mövcud vəziyyət barədə məlumatlar, qarşıdurma ilə əlaqədar maraqlı tərəflərin açıqlamalarını və müxtəlif analitik yazılar yayırlar.
Oktyabrın 8-də nüfuzlu MHK telekanalı qarşıdurma ilə əlaqədar yaydığı məlumatlarda Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində atəşkəsdən sonra vasitəçilik missiyasında Türkiyənin xüsusi yer almasını arzuladığını qeyd etdiyini bildirib. Həmin məsələ ilə əlaqədar jurnalistin sualını cavablandıran Azərbaycan Prezidenti deyib: “Eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır”.
Yazıda son hadisələrə qədər tərəflər arasında münaqişənin həlli üçün ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində müzakirələrin artıq uzun müddətdir ki aparıldığı, lakin buna baxmayaraq, heç bir nəticənin əldə edilmədiyi vurğulanır.
Məlumatlarda tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağda ağır döyüşlərin getdiyi, bu günədək hər iki tərəfdən ölənlərin olduğu da qeyd edilir.