29
Oktyabr

29 Oktyabr

Yerli media

“Mən artıq məcburi köçkün deyiləm” (AzVision)

Qubadlının ilk 4 kəndinin işğaldan azad olunması xəbərini eşidəndə evdə qonaqlarım var idi. Buna baxmayaraq, xoş xəbəri evdə böyük sevinclə qarşıladım. Azərbaycan Ordusuna eşq olsun, Ali Baş Komandan sağ olsun ki, bizə bu sevinci yaşatdı.

Bunu Qubadlı rayonunun Zilanlı kənd sakini Yazgül Rəhimova deyib. O, doğma yurdunun işğaldan azad olunmasına görə, özünü xoşbəxt hiss etdiyini bildirib.

“Rayonumuzla bağlı çoxlu xatirələrim var. Qubadlının kəndləri, şəhərin alınması xəbərlərini eşitdikcə, xatirələr gözümün önündə canlanır. Bizim məcburi köçkün düşdüyümüz vaxtdan 27 il keçir. Artıq məcburi köçkün deyiləm. Bu status bizə deyiləndə özümü o qədər pis hiss edirdim. Deyirdim ki, azərbaycanlıyam, məcburi köçkün deyiləm. Amma bu gün şükür edirəm ki, həsrət sona çatdı və tezliklə Qubadlıya qayıdacağam”.

Sumqayıtda məcburi köçkünlər üçün salınan şəhərcikdə qızı ilə yaşayan Y.Rəhimova kəndlərinə qayıdacağı günü səbirsizliklə gözləyir.

“Qubadlıdan çıxanda 16 yaşım var idi. Ailə qurmuşdum. 40 günlük övladımı götürüb Sumqayıta gəldim. 1994-cü il aprelin 13-də həyat yoldaşım Ağdamda şəhid oldu. Artıq Qubadlının bir çox kəndləri işğaldan azad olunub. Qubadlıdan çıxanda yaşım az idi, 27 ildən sonra öz yurduma ayaqyalın qayıdacağam. Əvvəlcə anamın qəbrini ziyarət edəcəyəm. Sonra öz evimizi axtaracağam. İstəyərəm ki, öz kəndimdə təsərrüfatla məşğul olum. Rayonumun Həkəri - Bərgüşad çayının suyundan içim. Həmin günlərin tezliklə reallaşmasını səbirsizliklə gözləyirəm”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.