05
Oktyabr

5 Oktyabr

Media

“Azərbaycan əsgəri onları iti qovan kimi qovur! Onların postları bizim əlimizdədir! Onların silahlı texnikaları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!".

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 4-də xalqa müraciətində səsləndirdiyi bu fikirlər Cənubi Koreyanın nüfuzlu “The Korea Times” qəzetində dərc olunan “Azərbaycan lideri Ermənistanın geriçəkilmə cədvəli tərtib olunanadək döyüşlərin davam edəcəyini deyib” sərlövhəli məqalədə əksini tapıb. Qeyd olunub ki, Prezident İlham Əliyev 1990-cı illərdə ermənilərin tutduğu torpaqların azad olunması uğrunda Azərbaycan Ordusunun bir həftədir mübarizə apardığını deyib.

Məqalədə dövlətimizin başçısının “Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!” fikrinə də yer verilib.

“The Korea Times”da Qarabağ münaqişəsi ilə bağlı dərc olunmuş digər məqalədə isə ermənilərin Gəncə və Mingəçevir şəhərlərini atəşə tutmasından söz açılıb. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla bildirilib ki, Ermənistan ölkənin iri şəhərlərindən biri olan Gəncədəki mülki binaları raket atəşinə tutması nəticəsində bir mülki şəxs ölüb, 32 nəfər yaralanıb. Habelə böyük su anbarının və elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhəri də raket hücumuna məruz qalıb. Qeyd olunub ki, Dağlıq Qarabağdakı ermənilərin rəhbəri Gəncəyə raket hücumunu onların həyata keçirdiyini etiraf edib.

Məqalədə Müdafiə naziri Zakir Həsənovun "Ermənistan ərazisindən Azərbaycan ərazisinə atəş açılması açıq təxribat xarakteri daşıyır və döyüş bölgəsini genişləndirir” fikrinə də yer verilib. Diqqətə çatdırılıb ki, Dağlıq Qarabağ sovet dövründə Azərbaycanın tərkibində muxtar bölgə olub. SSRİ-nin dağılması ərəfəsində başlayan müharibə 1994-cü ildə atəşkəs razılaşması ilə dayandırılıb. O vaxtdan bəri erməni silahlı qüvvələri Dağlıq Qarabağla yanaşı, onun ətrafındakı bir neçə rayonu işğal altında saxlayıblar. Azərbaycan tərəfi oktyabrın 4-də Cəbrayıl şəhəri də daxil olmaqla, rayonun bir neçə yaşayış məntəqəsini azad edib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.