Media
Rumıniyanın kütləvi informasiya vasitələri, o cümlədən “AGERPRES” milli xəbər agentliyi, “Unimedia”, “G4media”, “Adevarul”, “Spotmedia”, "Bursa" və digər aparıcı mətbuat orqanları Azərbaycan Prezidenti İlham Əliyevin təcavüzkar Ermənistan rəhbərliyinə xəbərdarlıq mesajlarını və işğalçı tərəfə ünvanlandığı şərtləri ayrı-ayrı başlıqlarla təqdim ediblər.
Yazılarda xüsusilə Prezident İlham Əliyevin erməni hökumətinə verdiyi mesaj öz əksini tapıb. Həmçinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistan ordusunun Gəncə və Mingəçevir şəhərlərinə raket zərbələri endirməsi ilə məlumatı diqqətə çatdırılıb. Qeyd olunub ki, bir neçə yüz min sakinin yaşadığı və ölkənin ikinci böyük şəhəri olan Gəncə, eləcə də Mingəçevir Xankəndidən təxminən 100 kilometr məsafədə yerləşir.
Diqqətə çatdırılıb ki, H.Hacıyev “Twitter” sosial şəbəkə hesabında ermənilərin Azərbaycan şəhərlərinə raket zərbələrini təsdiq edən video və fotolar, nəticədə zərər çəkmiş binaların şəkillərini paylaşıb. Bundan başqa, Hikmət Hacıyevin digər paylaşımında erməni silahlı qüvvələrinin su anbarı və ölkənin əsas elektrik stansiyasının yerləşdiyi Mingəçevir şəhərinə raket zərbəsi endirdiyini vurğuladığı da qeyd olunub. Bildirilib ki, bu hücum nəticəsində mülki şəxslər yaralanıb.