05
Oktyabr

5 Oktyabr

Media

Ukraynanın nüfuzlu informasiya agentlikləri, portalları Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

Ukraynanın dövlət Ukrinform, UNİAN informasiya agentlikləri, “RBK-Ukrayna”, “Qordon”, “Segodnya.ua” və digər xəbər saytlarında Prezident İlham Əliyevin xalqa müraciətində sərt tənqidi fikirləri dərc edilib. Məqalələrdə dövlətimizin başçısına istinadla qeyd edilib ki, atəşkəsin elan edilməsi bir şərtlə, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun çıxarılmasından sonra baş tuta bilər.

Ukrayna mətbuatı Prezident İlham Əliyevin bu fikirlərinə də xüsusi yer ayırıb: “Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Biz mütləq öz torpaqlarımızı işğaldan azad etməliyik və edirik”.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.