05
Oktyabr

5 Oktyabr

Media

Çin Mərkəzi Televiziyasının ingilis dilində yayımlanan CGTN (China Global Television Network) kanalının internet səhifəsində “Azərbaycan lideri atəşkəsdən əvvəl Ermənistanın geri çəkilməsini və üzr istəməsini tələb edir” başlıqlı məqalə yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 4-də xalqa müraciəti əsasında hazırlanan məqalədə dövlətimizin başçısının atəşkəsin reallaşması üçün Ermənistanın yerinə yetirməli olduğu şərtləri açıqladığını bildirib. Qeyd olunub ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın çəkilməsinin dəqiq cədvəlini tələb edib.

“Bundan başqa, Prezident Əliyev Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırdığına görə Ermənistanın baş naziri Nikol Paşinyanın üzr istəməsini tələb edib”, - deyən CGTN yazır ki, dövlət başçısı Azərbaycanın öz torpaqlarını geri qaytarmaq üçün 30 il gözlədiyini bildirib.

Dağlıq Qarabağın Azərbaycanın qanuni ərazisi olduğunu qeyd edən CGTN Azərbaycan Prezidentinin “Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!” fikrinə də yer verib.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.