03
Oktyabr

3 Oktyabr

Media

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində səsləndirdiyi fikirlər Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş şəkildə yayılmaqdadır.

Qardaş ölkənin aparıcı KİV-ləri Prezident İlham Əliyevin Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycanın həyata keçirdiyi tədbirlər barədə fikirlərini və təcavüzkar tərəfə sərt mesajlarını Türkiyə ictimaiyyətinə çatdırıb. Bildirilib ki, Azərbaycanın dövlət başçısı proses barədə müfəssəl məlumat verərək deyib: “Biz “bunu dayandırın, biz işləyəcəyik, danışıqlar aparacağıq, yardım edəcəyik” kimi bəyanatlara qulaq asmaq mövqeyində deyilik. Biz bunu dəfələrlə eşitmişik. Bizim daha 30 il gözləməyə vaxtımız yoxdur. Münaqişə indi həll olunmalıdır”.

Bu məlumatlarla Anadolu agentliyinin, TRT HABER, A HABER, NTV, HABER GLOBAL və digər telekanalların, eləcə də “Sabah”, “Milli qəzetə”, “Yeni şəfəq”, “Hüriyyət”, “Star”, “Yeni akıt” və digər nüfuzlu qəzetlərin saytlarında, həmçinin yerli regional portallarda tanış olmaq mümkündür.

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələr haqqında bundan sonra kitablar yazılacaq, filmlər çəkiləcək. Amma indidən tam əminliklə deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.