Media
Gürcüstan aparıcı “report.ge”, “interpressnews.ge”, “dalgate.ge” informasiya portalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əl-Cəzirə” televiziya kanalına verdiyi müsahibədən silsilə materiallar yayıb.
Azərbaycan, gürcü, rus və ingilis dillərində yayımlanan materiallarda Prezident İlham Əliyevin çıxışından ayrı-ayrı məqamlar oxucuların diqqətinə çatdırılır.
Azərbaycan Prezidentinin çıxışına istinadən yayılan materiallarda deyilir ki, ilk növbədə ermənilər Dağlıq Qarabağın Ermənistanın olmadığını bəyan etməlidirlər.
Bundan başqa, münaqişənin həlli ilə bağlı sülh danışıqları birtərəfli qaydada aparıla bilməz, hazırda baş verənlər Ermənistanın destruktiv mövqeyinin nəticəsidir kimi fikirlər, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olması, 60-dan çox insanın yaralanması, yüzlərlə evin dağıdılması və Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları nəticəsində işğal olunmuş ərazilərimizin bir hissəsinin işğaldan azad edilməsi barədə məlumatlar da materiallarda əksini tapıb.
Gürcüstan mətbuatı, eyni zamanda, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etməsindən yazır.
Qeyd olunur ki, Fransa Prezidenti Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırıb.
Prezident İlham Əliyev bildirib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq bu prosesə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.